Milli Məclis buraxılıbsa…- DEPUTATLAR HANSI STATUSLA AŞ PA-YA GEDİB?

  • By admin
  • 01 Fevral 2020 18:57
Tanınmış hüquq eksperti Ələsgər Əhmədoğlu Milli Məclisin keçmiş üzvlərinin AŞ PA-nın son sessiyasına qatılmasını şərh edib.

Gununsesi.org həmin qeydləri təqdim edir:

“Son günlər izlədiyimiz xəbərlərdən məlum oldu ki, AŞPA-nın növbəti sesiyasında Azərbaycan Milli Məclisinin deputatları iştirak edib. Bu xəbəri eşidəndən bəri məni ciddi bir hüquqi sual düşündürür. Milli Məclis buraxılıb. Buraxılmanın səbəbi isə Konstitusiyada vəzifələrini icra edə bilməməsi göstərilib. Bu vəzifələrə həm də AŞPA-da təmsilçilik daxildir. Belə olan halda, vəzifələrini icra edə bilməmə səbəbindən buraxılan və yerinə yeni seçki təyin edilən parlamentin deputatı necə vəzifəsini icra edə bilir? Bunun hüquqi dayanağı konkret varmı?
Kimsə düşünə bilər ki, Prezident parlamenti buraxmadan öncə Konstitusiya Məhkəməsinə sorğu göndərib, soruşub, o da rəyini təqdim edib. Həmin rəyin formalaşmasındakı arqumentlərdə Konstitusiya Məhkəməsi AŞ-dakı təmsilçilik məsələsinə toxunub. Amma bu toxunma yekun qərarda öz əksini tapmayıb. Konstitusiya Məhkəməsinin sədri F, Abdullayevin imzaladığı qərarda 5 bəndin heç birində bu hal istisna hal kimi göstərilməyib.
QƏRARA ALDI:
1. “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 98 1–ci maddəsinin I hissəsinə uyğun hesab edilsin.
2. “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 98 1–ci maddəsinə uyğun hesab edilsin.
3. Qərar elan edildiyi andan qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Ayrıca, Konstitusiya Məhkəməsinin qərarı Prezidentin Milli Məclisi buraxmaqla bağlı Konstitusiyaya uyğunluqla əlaqəli sorğusuna cavab rəyidir. Yəni 98-1 ci maddənin tətbiqinin mümkün olub-olmamasıdır. Məhkəmə Prezidentə bu rəylə deyib ki, “Bəli, Milli Məclisi buraxa bilərsən, bu addım Konstitusiyaya uyğun olar.” Amma bu “buraxma” məsələsini Konstitusiya Məhkəməsi yox, Prezident etməli idi. Rəyin keçərliliyi Prezidentin verəcəyi qərarın əsaslandırılması üçün lazım olub.
Bundan bir gün sonra Prezident KM-nin dediyi kimi Milli Məclisi buraxmağa qərar verib. Yəni hüquqi aktla rəsmiləşdirib. Bu zaman bir Sərəncam imzalayıb.
Sərəncamda iki bənd var:
1. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020 – ci il fevralın 9-na təyin edilsin.
Burada buraxılan Milli Məclisin hansısa deputatlarının “buraxılmadan vəzifəsini icra edəcəyinə dair” heç bir qeyd yoxdur. AŞPA-da hansısa deputatın ölkəni təmsilə əsas olan heç bir hüquqi göstəriş mövcud deyil. Halbuki, əgər hansısa deputatın vəzifələrini icra edə biləcəyi istisna hal kimi davam etməli idisə, gərək bu xüsusi bir bənddə qeyd ediləydi. Lakin, KM-i qərarında Prezidentə tövsiyə etdiyi zaman yekun qərarında bu məsələdə istisnanı müəyyən etmədiyi kimi, Prezident də Sərəncamında heç bir halın istisna hal kimi nəzərdə tutulmasını göstərməyib. Beləliklə, səlahiyyətlərini icra edə bilmədiyinə görə verilən qərar istisnansız Milli Məclisin bütünlüklə buraxılması və yeni seçkilərin keçirilməsidir.
Deputatların AŞPA-da qanunverici orqanın səlahiyyətlərini təmsilən iştirakı bu halda hansı hüquqi vəziyyəti yaradır?
Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsində “I. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.”
Prezidentin Sərəncamında hər hansı istisna olmadan buraxılan Milli Məclisin səlahiyyətlərini hüquqi əsas olmadan istifadə etmə bu baxımdan “səlahiyyətlərin mənimsənilməsi” olaraq qiymətləndirilə bilər.”
P.S. Yazı müəllifin sosial şəbəkə hesabından götürülüb.