MTN işinin zərərçəkmişi olan icra nümayəndəsinə ŞƏRTİ CƏZA VERİLDİ

  • By admin
  • 21 Fevral 2018 17:51

 

 

MTN işində zərərçəkmiş qismində tanınan Binəqədi rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Bahəddin Sultanov  şərti məhkum edilib.

Gununsesi.info xəbər verir ki, fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə çıxarılan hökmə əsasən, dələduzluqda təqsirləndirilən sabiq icra nümayəndəsinə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona bir il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Bahəddin Sultanov keçmiş polis əməkdaşı Təvəkkül Vəliyevlə birlikdə mühakimə olunurdu. Ona da eyni cəza verilib.

Adları çəkilən hər iki şəxs istintaq və məhkəmə dövründə həbsdə deyildi.

Onlar torpaq alqı-satqısı üçün adamların külli miqdarda pulunu alıb onları aldatmaqda ittiham olunurlar. Torpaq sahəsi satmaq adıyla adamlardan pul alınsa da, nə torpaq satılıb, nə də pul geri qaytarılıb.

Bahəddin Sultanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Vüsal Ələkbərovun ittihamına görə, o, 2009-cu ilin əvvəllərində Bahəddin Sultanovdan oğlu İntiqam Sultanovu həbsdən buraxmaq üçün 500 min dollar rüşvət istəyib. Ona deyib ki, rəhbərliyin göstərişidir, əgər pulu verməsə, özü də oğlunun yanına gedəcək. Bir neçə gün sonra Bahəddin Sultanovun qardaşı Vüsal Ələkbərovun xidməti otağında tələb olunan pulu ona verib.

Amma Vüsal Əkləkbərov məhkəmədə ifadə verərkən bu ittihamı qəbul etməyib. Bildirib ki, nə Bahəddin Sultanovu, nə onun oğlunu, nə də qardaşını tanıyır.

Gülər

Gununsesi.info