Mühacirlər vətənə necə bilər? -EKSPERT ŞƏRHİ

  • By admin
  • 13 Oktyabr 2018 11:30

Mühacirlərin hansı hallarda həbs təhlükəsi olmadan vətənlərinə dönmək hüquqlarının olduğu, eləcə də, neçə ildən sonra bu hüquqa yiyələndikləri gündəmə gəlib.

Gununsesi.org bildirir ki, miqrasiya hüququ üzrə ekspert Əlövsət Əliyev “Yeni Müsavat”a bununla bağlı deyib ki, mühacirlərin statusu bütün Avropa ölkələrində qaçqın statusu 1951-ci il konvensiyasının prinsiplərinə uyğun hazırlanmış milli qanunvericiliklər əsasında həll olunur: “1951-ci il konvensiyasına görə irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barəsində tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəməyən şəxslər qaçqın hesab edilir. Müsavatçı gənc-siyasi mühacir Azad Həsənlinin qaçqın statusu alması haqqında məlumatı oxudum. Baş verənlərə çox təəssüf edirəm. Qaçqın statusu alan şəxsə verilən sənəddə birbaşa qeyd olunur ki, şəxs vətəndaşı olduğun ölkənin himayəsindən istifadə edə bilməz. Şəxs daimi yaşamaq hüququ alana və ya barəsində ehtimal olunan problem aradan qalxana kimi vətəndaşı olduğu ölkəyə getməli deyil. Qaçqın statusu alanlar və ya müraciət etdiyi ölkədə qorunma hüququ tanınanlar bunu etməli deyillər. Müvəqqəti yaşamaq hüququnun əldə olunması qaçqın statusu ilə bağlıdırsa, bu şəxsə vətəndaşı olduğu ölkəyə getmək və qayıtmaq hüququ vermir. Qaçqın statusu alan şəxs ölkəsinin himayəsindən imtina edən şəxsdir. Azərbaycana Azərbaycan pasportu, qayıdış şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi əsasında qayıtmaq isə ölkənin himayəsindən istifadə etmək hesab olunur. Ölkəsinin himayəsindən istifadə edən şəxs isə dərhal ona qaçqın statusu verən ölkənin himayəsindən məhrum olur. Yəni Azərbaycanda ölkə vətəndaşının Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən əsaslı həbsi heç bir etiraza səbəb ola bilməz. Lakin saxlanılan şəxsə münasibətdə insan hüquq və azadlıqlarının pozulması hallarına yol verilirsə, buna təbii ki, etirazlar olacaq. Şəxs ölkəsində onunla bağlı həbs təhlükəsi aradan qalxandan sonra vətəninə qayıtmalıdır. Xarici ölkənin vətəndaşlığını alandan sonra, təbii ki, şəxs həmin ölkənin himayəsinə keçir və həmin ölkə öz vətəndaşını müdafiə etməlidir. Müsavatçı isə hələ ki Azərbaycanın vətəndaşıdır.

Konvensiyanın tələbinə görə aşağıdakı hallar qaçqın statusunun ləğv olunmasına əsasdır:

1) O, vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifadə etdikdə;

2) Öz vətəndaşlığından məhrum olub yenidən onu könüllü əldə etdikdə;

3) Yeni vətəndaşlıq əldə etdikdə və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etdikdə;

4) Təqibdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı ölkədə yenidən könüllü məskunlaşdıqda;

5) Qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə vətəndaşı olduğu ölkənin himayəsindən daha imtina edə bilmədikdə.

Lakin qanunda bir müstəsna hal da mövcuddur. Əgər qaçqın, daha dəqiq müsavatçı gənc vətəndaşı olduqları ölkənin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət qədər əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur, inanırıq ki bu halda da elə olacaq”.