Müxalifətin mitinqlərinə icazə verilməməsinin ciddi səbəbi var - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 17 May 2019 11:56

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının yubileyi çərçivəsində Azərbaycan bu qurum arasında ikitrəfli sazişin imzalanması gözlənilsə də bu baş tutmadı.

Əksər müşahidçilərin sözlərinə görə, sazişin imzalanmaması Azərbaycan hakimiyyətinin insan hüquqları ilə  bağlı şərt kimi qoyulan məsələlərin həllindən imtinası olub.

Bu arada Avropa İttifaqının yekun hesabatında Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətdən narahatlığın ifadə olunması bu fikirləri möhkəmləndirib.

Sənədin  İnsan hüquqları və demokratik vəziyyətin qısa xülasəsində yazılır: “İnsan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur. Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir”.

Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov Gununsesi.org-a müsahibəsində bu məsələlərə dair suallara cavab verib.

  • Siyavuş müəllim, Azərbaycanla Aİ arasında saziş niyə imzalanmadı?  Yəqin ki, versiyalarla tanışsınız…
  • Əvvala qeyd edim ki, mediada bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı ölkəmizin rəsmi mövqeyini ifadə edib. Saziş layihəsinin detallarına gəlincə, Azərbaycanın vacib hesab etdiyi bir sıra məqamlar var ki, orada əks olunmalıdır. Bu, ölkəmizin ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktının əks olunmasından söhbət gedir. Görünən budur ki, Avropa İttifaqı işğal məsələsinə prinsipial baxmır. Ermənistan açıq şəkildə rəsmi sənədlərdə qınanmalıdır ki, işğala son qoysun. Problemin biri budur. Amma inanıram ki, gec-tez Avropa İttifaqı reallıqları görəcək.
  • Amma əsas problem kimi Azərbaycan hökumətinin insan hüquqları məsələsində güzəştə getməməsidir. Hakimiyyət ciddi addım atmaqdan niyə çəkinir? 
  • Hakimiyyət heç nədən çəkinmir. Bu günə qədər atılan addımlar, imzalanan əfv sərəncamı göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və azadlıqlarını təmin edir. Biz bu addımları ona görə atmırıq ki, kiminsə xoşuna gələk. Azərbaycanda insan hüquqlarının qorunması, bu yöndə qanunvericilik bazasının formalaşdırılmasında Avropanın təcrübəsindən istifadə olunub.Əksər qanunlarımıza Venesiya Komissiyası müsbət rəy verib. Bu gün Azərbaycanın hər bir sıravi vətəndaşı  dövlətinin onun yanında olmasından məmnundur. Azərbaycanda bütün hüquqlar təmin olunur.
  • Yeri gəlmişkən, hökumət bir zamanlar ən çox öyündüyü sərbəst toplaşmaq azadlığına təminat bu gün artıq yoxdur. Elə Avropa İttifaqının da hesabatında bu öz əksini tapıb.
  • Sərbəst toplaşmaq azadlığı təmin olunub. Amma son zamanlar müxalifətin mitinqlərinə icazə verilməməsinin ciddi səbəbi var. Akisiyanın təşkilatçılarının mitinq üçün müraciət edərkən, götürdüyü öhdəliklərə əməl olunmu. Mitinq zamanı ölkənin konstitusiya qurluşunun əleyhinə olan çağırışlar, hakimiyyətin devrilməsi, dini zəmində qızışdırıcı çıxışlar olur. Mitinq zamanı edilən çıxışlara diqqət etsəniz, bunu açıq görərsiniz.  Sabah aksiyada hansısa bir təxribat yaranarsa, sonradan bunu hakimiyyətin üzərinə qoymaq cəhdləri olacaq. Müxalifət birinci məsuliyyətini dərk etməlidir. Konkret öhdəlik götürməlidir ki, aksiyalarda təxribatlara yol verməycək, anti-konstitusion çıxışlar etməyəcəklər.  O zaman bu məsələyə qanun çərçivəsində yenidən baxıla bilər.

 

Pərviz Həşimli

Gununsesi.org