Müxtəlif ölkələrin qeyri-adi adət-ənənələri

  • By admin
  • 14 İyul 2019 14:14

Bəşər həyatı maraqlı bilgilərlə doludur. Amma bəzən bu bilgilər nəinki yalnız maraqlı, hətta çox qeyri-adi olur… Ya da, bizə elə gəlir. Dünyada iki yüzdən artıq ölkə var və hər ölkənin özünəməxsus müxtəlif adət-ənənələri var. Bu adətlər çox fərqli və maraqlıdır. Bəzi xalqların adətləri isə orijinallığı ilə daha çox fərqlənir, digərlərin isə heç ağla belə sığmır və gülüşə səbəb olur. Amma bilmək olmaz, bəlkə bizim də adət-ənənələrimiz onlara çox qəribə gəlir…

Bəzən səyahətə çıxarkən bu “qaydaları” öncədən bilib, qeydə almaq çox faydalı ola bilər.

Məsələn, Çində kiminsə evinə qonaq gedərkən qətiyyən gül aparmayın – bu halda hesab ediləcək ki, onların evi sizin o dərəcədə xoşunuza gəlməyib ki, siz bu evə “gözəllik” əlavə etmək istəyirsiz. Həmçinin qonaqlıqda səssiz yemək – ev sahiblərini təhqir etmək deməkdir. Yeməkdən sonra süfrədə ləkələr qalsa, əksinə – demək xörəklər çox dadlı idi və siz onları iştahla yemisiniz. Çində etiket qaydalarına və adətlərə çox böyük önəm verilir, məhz buna görə ora gedərkən ən vacib qaydaları yadda saxlamaq lazımdır. Məsələn, əl sıxaraq görüşmək – burada ən çox istifadə olunan görüşmə qaydasıdır. Hədiyyə apararkən iti əşyalardan istifadə etmiyin – bu, münasibətlərin pozulmasına işarə edir, güllər – erkən ölüm simvoludur (güllər tez solur), burun dəsmalı isə dəfn mərasimi ilə bağlıdır. Dörd rəqəmi isə uğursuz və hətta dəhşətli rəqəm hesab edilir və bu sayda heç nə hədiyyə etmiyin. Hətta evlərin mərtəbələri 1-2-3-5-6-7-9… kimi sayılır. Çinlilərin adətinə görə, hədiyyəni qəbul etməkdən öncə ondan 3 dəfə imtina etmək lazımdır. Ona görə sizin hədiyyənizdən imtina etsələr, təəcüblənməyin – onların adəti bunu tələb edir.

Çinlilərdən fərqli olan yaponlar əl sıxaraq görüşməyi sevmirlər və bunun əvəzinə bir-birlərinə baş əyirlər. Üstəgəl onlar çox diqqətçildilər və cavab verərkən həmin qaydada baş əymək lazımdır. İnsanın sosial statusu yüksəldikcə, bu “əyilmələr” o qədər də dərinləşir və daha çox vaxt aparır. Yaponlar çox qonaqpərvərdilər ona görə sizi evə dəvət etsələr, çalışın mümkün qədər etiraz etməyin. Həmçinin, evə girərkən ayaqqabıları çıxartmağı unutmayın. Söhbət zamanı gözlərin içinə baxmaq məsləhət deyil – bu, aqressiya kimi qəbul olunur. Yaponların hər zamankı gülərüzlüyü (əsas da qadınlarda) turistləri çox vaxt çaş-başlığa salır. Maraqlıdır ki, yaponlar avtobus, metro və ya qatarda gedərkən böyüklərə və hətta qocalara yer vermir, və əgər bunu etsəniz, uzun-uzadı təşəkkürlərə hazır olun.

Yunanıstanda qonaqlığa gedərkən evdəki əşyaları tərifləmiyin, əks halda ev sahibləri onları sizə hədiyyə etməyə məcbur qalacaqlar.

Hindistanda isə ailə üzvləri arasında “çox sağol” və ya “təşəkkür edirəm” kimi kəlmələr istifadə olunmur. Həmçinin, burada inək və meymunlar müqəddəs heyvanlardır və onları incitmək qəti qadağandır.

Tailandda əhalinin çoxu buddist olduğuna görə, insanın “müqəddəs” başına toxunmaq böyük təhqir hesab olunur (ruhun yerləşdiyi yer).

Daniyada gəzərkən pəncərələrdə asılmış bayraqları görüb təəcüblənməyin – demək kimsə ad gününü qeyd edir.

Almaniyada yeni il gecəsi saat 12-ni vurarkən bütün insanlar – sosial statusa və yaşa baxmayaraq – stula, divana və digər əşyalara dırmaşıb “yeni ilə oppanırlar”, italyanlar isə həmin vaxt pəncərədən köhnə və lazımsız əşyaları atıb, evlərini “təmizləyirlər”.

İspaniya və Latin Amerika xalqları isə çox oxşardı, onlar punktual olmasalar da, ünsiyyəti sevəndilər. Onların əsas xüsusiyyəti isə danışarkən “siz” yox, “sən” kəlməsini işlətməkdir və bəzən böyüklərlə ünsiyyətdə bu, heç də ayıb sayılmır.

Əgər Avropa ölkələrində salamlaşma çox quru və qısadırsa, ərəb ölkələrində bu, böyük prosedura çevrilir – ümumi, hal-əhval və ya iş haqqında sorğu-sual, sonra suallar yenidən təkrarlana bilər. Ərəblərdən “hə” və ya “yox” kəlmələrini az eşidərsiz, yerinə “inşaallah” sözündən tez-tez istifadə edilir. Həmçinin, kənar şəxslərin qadınlara müraciət etməsi və ya görüş üçün əl uzatması ayıb sayılır və bu məsələdə diqqətli olmaq lazımdır.

Gununsesi.org