“Nə çəkdiyimi bir Allah bilir” - MƏHKƏMƏ SABİQ MTN ŞEFİNİN ŞƏRİKİNİ HƏBSDƏ SAXLADI

  • By admin
  • 17 Oktyabr 2018 18:04

Eldar Mahmudovun adamı hakim qarşısına çıxarılıb.

Gununsesi.org  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, iş üzrə zərərçəkmiş tərəflər Vergilər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir.

Prosesin davamında təqsirləndirilən şəxsin vəkili vəsatət verərək Sahib Ağayevin ev dustaqlığına buraxılmasını istəyib.

S.Ağayev də vəkili ilə razı olduğunu və azadlığa buraxılmasını xahiş edib: “Bu günə qədər nə çəkdiyimi bir Allah bilir”.

Məhkəmə müşavirədən sonra vəsatəti təmin etməyib. Baxış iclası oktyabrın 24-ə təxirə salınıb.

Qeyd edək ki, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir. O, 10 milyon manatdan artıq pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub. Məlumata görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.

Bildirək ki, bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib.