Nəsimi rayonunda Qurtuluş Günü qeyd olunub

  • By admin
  • 14 İyun 2019 21:31

Nəsimi rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilatların rəhbərləri və fəal gənclərin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Gununsesi.org xəbər verir ki, tədbir iştirakçıları İcra Hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad ediblər.

İlk öncə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1993-cü ilin may–iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirib. Onun sözlərinə görə, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi.  Asif Əsgərov Heydər Əliyev siyasi kursunun bu gün onun ideyalarına sadiq olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirib.

Daha sonra çıxış edən Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı qeyd edib ki, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 26-cı ildönümü ölkəmizin hər yerində, habelə respublikamızın hüdudlarından kənarda, xarici ölkələrdə də böyük coşqu və təntənə ilə qeyd edilir. Onun sözlərinə görə, Heydər Əliyevin qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırıb və cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatları uğurla həyata keçirib.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb. Daha sonra tədbir 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin konsert proqramı ilə davam edib.