“Narkotik zəhərlənməyə gətirib çıxarır” - Toksikoloq

  • By admin
  • 08 İyun 2016 13:11

 

Toksikoloq

“Azərbaycanda əsasən ənənəvi narkotiklərlə zəhərlənmə hallarına rast gəlinir. Bunlar ilk növbədə xaşxaşdan alınan tiryək və sintetik kimyəvi yolla ondan alınan heroin kimi narkotiklərdən zəhərlənmələrdir”. Bu haqda Gununsesi.info-ya Azərbaycanın baş toksikoloqu İsmayıl Əfəndiyev məlumat verib. Onun sözlərinə görə, bu halda zəhərlənmə çox ağır keçir, asılılıq da tez yaranır: “Hətta heroindən 1-2 dəfə istifadə etdikdən sonra artıq insanda həm fiziki, həm də psixoloji asılılıq yaranır ki, bundan da insan özü qurtula bilməz. Getdikcə doza çoxalır və bədənin narkotikə tələbatı artır. Axırda o həddə çatır ki, həmin şəxsdə kəskin zəhərlənmə olur, komaya düşülür və bu peredozla xəstəxanaya düşür”. Onun sözlərinə görə, ən böyük problemlərdən biri insanların xarici ölkələrdən narkotik maddələri öz mədə traktında Azərbaycana keçirməyə çalışmasıdır: “Bu yaxınlarda belə bir hadisəylə rastlaşdıq. Bir xəstə İran sərhədini keçərkən, Biləsuvar rayonunda qəflətən huşunu itirib, komaya düşmüşdü. San aviasiya yolu ilə Toksikologiya Mərkəzinə gətirilib və onun mədə-bağırsaq traktından 35 ədəd xüsusi sellofana bükülmüş heroin konteynerlər çıxarılıb. Bu xəstə müalicədən sonra ayıldı və Hüquq Mühafizə Orqanlarına təhvil verildi”. İ. Əfəndiyev təəssüf edir ki, xəstələr arasında məktəblilərə də rast gəlinir: “Bu məsələlərdə ilk növbədə valideynlər diqqətli olmalıdırlar. Əgər uşaq özünü qeyri-adekvat aparırsa, yuxuludursa, göz bəbəkləri daralıbsa, sual verdikdə çox ləng cavab verirsə, nəfəsində nəsə dəyişiklik varsa, o halda təcili şəkildə həkimə müraciət etmək lazımdır. Çünki nə qədər tez bunun üstünə düşülərsə, o qədər tez sağalma ehtimalı artır”-deyə o bildirib.

Gülnaz  Qənbərli