“NATO KOMADADIR, AVROPA İSƏ UÇURUMUN KƏNARINDA” – Fransa prezidenti

  • By admin
  • 08 Noyabr 2019 16:32

Fransa prezidenti Emmanuel Makron növbəti dəfə açıqlaması ilə gündəmə gəlib.

Gununsesi.org xəbər verir ki, Britaniyanın «The Economist» jurnalına verdiyi müsahibədə Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və avropalı müttəfiqlər arasında koordinasiyanın olmaması səbəbilə, Şimali Atlantika alyansı effektli fəaliyyət göstərə bilmir. Jurnalın həmin sayı noyabrın 7-də çapdan çıxıb.

Avro-atlantik blokun sıralarında koordinasiya defisiti ilə bağlı xüsusi narahatlıq doğuran məsələ Birləşmiş Ştatlarla Türkiyə arasındakı gərgin münasibətdir. Onların hər ikisi NATO daxilində nəhəng silahlı qüvvələrə malikdir.

Fransa prezidenti qeyd edib ki, Vaşinqtonla Ankara arasındakı münasibətlərdə böhran Suriyanın şimal-şərqində Türkiyənin hərbi əməliyyata başlaması səbəbilə yeni güclə özünü göstərdi.

«Hazırda bizim narahatlığımız – NATO-nun komada olmasındandır» – deyə, Makron bəyan edib.

Bununla yanaşı, Yelisey sarayının sahibi avropalı həmkarlarını müdafiə məsələlərində tam mənada ABŞ-a göz tikməməyə çağırıb. Onun sözlərinə görə, «uçurumun kənarında dayanmış Avropa üçün «özü barədə həm strateji, həm də geosiyasi güc kimi düşünməyin vaxtı çatıb».

Makron qeyd edib ki, əks halda «bundan sonra öz taleyimizə nəzarət edə bilməyəcəyik».

Buradan açıq-aşkar görünür ki, «Makronun oxu Suriyada çox möhkəm daşa tuş gəlib». Bu mənada, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan əbəs yerə deməyib ki, qərbin Suriyada 8 ilə qurduğu oyunu, Türkiyə 8 günə pozdu! /AzPolitika.info