Naxçıvanda ÜDM istehsalının həcmi 2 milyard 839 milyon manatdan çox olub

  • By admin
  • 15 Yanvar 2020 15:31

2019-cu ilin nəticələrinə əsasən muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə 1,5 faiz artaraq 2 milyard 839 milyon manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi isə 6 min 202 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq göstəricisinə nisbətən 1,6 faiz çoxdur.

Gununsesi.org AZƏRTAC-a istinadən xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.

İclasda çıxış edən nazir Tapdıq Əliyev sənayeləşmə sahəsindəki uğurlardan bəhs edərək vurğulayıb ki, 2019-cu ildə sahibkarlıq subyektləri tərəfindən 75 istehsal və xidmət sahəsi istifadəyə verilib, 247 iş yeri açılıb. 62 layihənin icrası davam etdirilib. Yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına da əhəmiyyətli təsir göstərib. 2019-cu ildə sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olub. Sahibkarlara güzəştli kreditlərin verilməsi, özəl bölmənin maliyyə resursları ilə təmin olunması məqsədilə ötən il muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən 117 layihənin maliyyələşdirilməsinə 10 milyon 715 min manatdan çox güzəştli kreditlər ayrılıb. Ümumilikdə, həyata keçirilən tədbirlərin nəticəsində bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir.

“Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması sənayenin inkişafına yeni imkanlar açacaqdır. Tələbatın müəyyən hissəsini yerli istehsal hesabına ödəmək məqsədilə sənaye məhəlləsində 6 istehsal korpusu yaradılacaq”, – deyən nazir qeyd edib ki, kənd təsərrüfatı sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilib. Hazırda muxtar respublikada bu sahə üzrə innovativ meyarlara uyğun ən müasir tələblərə cavab verən quşçuluq və heyvandarlıq kompleksləri yaradılır. Ötən il dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 3 soyuducu anbarın genişləndirilməsi, 4 soyuducu anbarın yaradılması başa çatdırılıb, bundan əlavə, 1 istixana təsərrüfatı yaradılıb, 3 istixana təsərrüfatının yaradılması isə davam etdirilir. Kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması, yerli resurslardan səmərəli istifadə nəticəsində 2019-cu ildə 507 milyon 641 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub.

Diqqətə çatdırılıb ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması, ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi mövcud potensialdan istifadə etməklə yeni ailə təsərrüfatlarının yaradılmasına, istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına stimul verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin arıçılığın və ailə təsərrüfatlarının inkişafı ilə bağlı imzaladığı müvafiq sərəncamların icrası istiqamətində 2019-cu ildə 87 ailə təsərrüfatına 820 min manat dövlət maliyyə dəstəyi göstərilib. 315 ailə təsərrüfatı 12 min 800-dən çox tara ilə təmin olunub. 2019-cu ildə “Kətə” “Göycə”, “Arıçılıq məhsulları – bal”, “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satış bazarının genişlənməsinə müsbət təsir göstərib.

Sonra məruzə ətrafında çıxışlar olub.

Gununsesi.org