Nazirlər İlham Əliyevin bu suallarını cavablandırdı

  • By admin
  • 01 Avqust 2019 10:43

 

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kərimov görülən işlərlə bağlı məruzə edib və ölkə başçısının suallarını cavablandırıb.

“Gununsesi” həmin hissəni təqdim edir:

Prezident İlham ƏLİYEV: Özünüməşğulluq Proqramı ilə bağlı hansı işlər görülür? Çünki ilin əvvəlində biz planlaşdırırdıq ki, təqribən 7 min insanı əhatə edəcək, amma həyat göstərir ki, rəqəm artır və tələbat da artır. Yəni, bu sahədə hansı işlər görülüb və proqramın əhatə dairəsi nə qədər genişlənəcəkdir?

Nazir Sahil BABAYEV: Cənab Prezident, Sizin tapşırığınızla ötən il biz 6 min ailəni əhatə edə bildik və 6 min ailəyə mikro və kiçik biznesə başlaması üçün aktivlər təmin edildi. Sizin göstərişinizə əsasən, bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir. Artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər aktivlər əldə edib. Əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən təmin ediləcəkdir. Sizin göstərişlərinizə uyğun olaraq, Dünya Bankı ilə müzakirələr yekun mərhələyə çatıb. Sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan Hökumətinə təqdim edəcək və gələn ildən bu layihəyə qoşulacaq. Ümumilikdə, layihənin ilkin göstəriciləri çox müsbətdir. Əlbəttə, ikiillik dövrün yekun monitorinqinin nəticələrini götürmək olar, amma, ilk altı ayın göstəriciləri göstərir ki, əhalinin bu proqrama həm böyük rəğbəti var, həm də bu mexanizmdən ciddi şəkildə yararlanır.

Prezident İlham ƏLİYEV: Bəli, biz bu məsələləri beynəlxalq maliyyə qurumları ilə də müzakirə etmişik. Dünya Bankı ilə bu ilin əvvəlində müzakirələr aparılıb və biz onları bu proqrama dəvət etdik. Dünya Bankının bu proqramda iştirakı təbii ki, bizə əlavə maliyyə resursu verəcək. May ayında açılan DOST mərkəzinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?

Nazir Sahil BABAYEV: Cənab Prezident, Sizin iştirakınızla DOST mərkəzi açıldıqdan sonra həqiqətən də çox böyük bir rəğbət toplayıbdır. İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə müraciət edib. Hər bir müraciətçi xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir. Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri DOST mərkəzində göstərilir. Sizin göstərişlərinizə uyğun olaraq ilin sonunadək növbəti Mərkəzin açılması istiqamətində ciddi iş aparılır. Daha 3 mərkəzin açılması üçün işlər görülür. Düşünürük ki, ilin sonuna və növbəti ilin birinci rübünə bu 3 mərkəz də açılacaq və beləliklə, biz Bakının 80 faizini əhatə etmiş olacağıq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarımızda da DOST mərkəzlərinin açılması sahəsində iş başlayacaq. DOST mərkəzinin, DOST konsepsiyasının bir mexanizmi də elektron və onlayn xidmətlərin göstərilməsi məsələsidir. Bununla bağlı orada çox müasir “Çağrı mərkəzi” qurulub. Vətəndaşlarımızdan gələn müraciətlərin sayından və onların məmnunluq səviyyəsindən görünür ki, “Çağrı mərkəzi” vasitəsilə bir çoxları öz xidmətlərini əldə edirlər, hətta mərkəzə gəlməyə də ciddi ehtiyac duymurlar. Düşünürük ki, DOST mərkəzi Sizin növbəti təşəbbüsünüz olaraq Azərbaycanın bir brendinə çevriləcəkdir.

May ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Agentliyinin Avropa Forumu keçirildi və 55 ölkənin sosial təminat agentliklərinin rəhbərləri DOST mərkəzini ziyarət etdilər. Onların da ilkin qiymətləndirməsi çox yüksək oldu. İnanırıq ki, qısa müddət ərzində bu şəbəkə genişləndirilərək ölkə ərazisini tam şəkildə əhatə edəcək.

Prezident İlham ƏLİYEV: Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq.

Prezident İlham ƏLİYEV: Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.

O ki qaldı, infrastruktur layihələrinə, əlbəttə, bir çox layihələr icra edilib, o cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri – 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır.

Güzəştli şərtlərlə verilən kreditlərin həcmi bu il 170 milyon manat səviyyəsində idi. Bunların neçə faizi icra olunub və hazırda vəziyyət nə yerdədir?

Nazir Şahin MUSTAFAYEV: Bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılmışdır. İlin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Layihələr qəbul olunub, baxılıb və hazır layihələr müəyyənləşdirilib.

Prezident İlham ƏLİYEV: Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Əminəm ki, bizim yerimiz daha da irəliləyəcək. Çünki bu sahəyə doğrudan da çox böyük investisiyalar qoyulur və bundan sonra da qoyulacaq.

Mən qeyd etdim ki, bizim büdcə daxilolmalarımız artır. Eyni zamanda, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız rekord həddə çatıb – 49 milyard dollar səviyyəsindədir. Bu, bizim böyük sərvətimizdir, böyük uğurumuzdur. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik.

İnflyasiya qeyd etdiyim kimi, 2,5 faizdir. Bu, yaxşı göstəricidir. Manatın məzənnəsi də sabitdir. Makroiqtisadi vəziyyətlə bağlı və ümumiyyətlə, bu sahədə görülmüş işlərlə, planlarla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova söz verilir.

Gununsesi.org