Nazirlik məsuliyyəti Zakir Qaralovun üstünə atdı -“GUNUNSESİ.İNFO”NU BAŞ PROKUROR BLOKLADIB/FOTO-FAKT

  • By admin
  • 23 Yanvar 2020 13:48

“Əvvəllər Gununsesi.info-nun bloklanmadığını iddia edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu qanunsuzluğunu məhkəmədə etiraf edərək, məsuliyyəti Baş Prokurorluğun üzərinə atıb. Həmçinin sayta qoyulan məhdudiyyətin götürülməsinin Baş Prokurluqdan asılı olduğunu bildirib”.

Bunu Gəncə hadisələri zamanı ölkədə girişinə məhdudiyyət qoyulmuş “Gununsesi.info” xəbər saytının baş redaktoru Pərviz Həşimli deyib.

Onun sözlərinə görə, sayta tətbiq edilmiş blokun götürülməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilib: “Biz “Gununsesi”nin “info” domeninin məlum Gəncə hadisələri zamanı qanunsuz bloklanması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişik. İndiyədək heç bir məhkəmə qərarı olmadan saytımıza ölkə daxilində giriş məhdudlaşdırılmışdı. Həmin zaman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  nazirinin müavini Elmir Vəlizadə bizə rəsmi məktub yazaraq, sayta hər hansı məhdudiyyətin tətbiq olunmadığını rəsmi yazmışdı. Ancaq məhkəmə prosesində yeni nüans ortaya çıxıb.

Belə ki, nazirliyin nümayəndəsi Baş Prokuror Zakir Qaralovun 13 iyul 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə sayta girişin məhdudlaşdırılması üçün yazdığı məktubu üzə çıxarıb.

Baxmayaraq ki, nazir müavini bizə cavab məktubunda başqa şey yazmışdı. Biz məhkəmədə sübut etdik ki, hətta belə bir məktub yazsa belə bu, qanunsuzdur. Qanunvericiliyə görə, saytın bloklanması üçün tələb olunan yazı xəbərdarlıq edildikdən 8 saat müddətində saytdan götürülməzsə, o zaman bu, məhkəmə qaydasında b həyata keçirilir. Təsəvvür edin ki, nə xəbədarlıq olub, nə də məhkəməyə hansısa müraciət göndərilməyib.

Digər bir ciddi qanunsuzluq “Azertelkom”dan internet alan provayderlərdə “Gununsesi”nin hətta “org” domeninə də məhdudlaşdırmanın tətbiq olunmasıdır ki, bu da son aylarda müşahidə edilir. Qeyd edim ki, “org” domeni ilə bir ildən artıqdır ki, çalışırdıq. Son zamanlar mobil operatorlarda əngəllənmələr görünür. Nazirliyin nümayəndəsi isə “Azertelekom”un onlara hansısa bir aidiyyatı olmadığını iddia edir. Bütün hallarda internet məsələsinə məsul qurum Ramin Quluzadənin başçılıq etdiyi nazirlikdir. Onlar idda edir ki, “org” domeninə hər hansı bloklanma tətbiq olunmayıb. Amma bizə İsveçədə faəliyyət gösətərən “Qurium” Beynəlxalq Media Fondu texniki xidmət göstərir və dəlillərlə isbat edir ki, bu yaxınlarda “org” domeni üçün də bloklanma olub. Məhkəmənin özü çıxılmaz duruma düşüb”.

 

 

Pərviz Həşimli onu da bildirib ki, bir neçə saytın da cəlb olunduğu cinayət işinin istintaqı Bakı Şəhər Prokurorluğunda başa çatıb və “Basta”, “Teref” və “Kriminal” saytlarının rəhbərlərindən fərqli olaraq, onun haqqında hansısa məsuliyyət müəyyən edilməyib: “Heç olmasa Baş Prokurorluq adıçəkilən nazirliyə bir məktub yazıb, bu problemin həlli üçün kömək edə bilər. Çünki, nazirliyin təmsilçisi bildirir ki, Baş Prokurorluqdan məktub gəlməyincə, bloklanmanı aradan qaldırmayacaqlar”.

 Günay

Gununsesi.org