Neft qurğularına hücum – ABŞ nə üçün yerin altında neft saxlayır?

  • By admin
  • 22 Sentyabr 2019 17:40

Səudiyyə Ərəbistanında neft qurğularına hücumdan sonra ABŞ öz neft ehtiyatlarını dövriyyəyə buraxa biləcəyini açıqlayıb.

Gununsesi.org BBC-yə istinadən bildirir ki, neftin qiyməti qalxandan sonra prezident Donald Trump neft tədarükündəki problemi aradan qaldırmaq üçün ABŞ-da təcili hallar üçün saxlanan neft ehtiyatını bazara çıxara biləcəyini bildirib.

Söhbət Texas və Lousiana əyalətlərindəki yeraltı duz mağaralarında saxlanan 645 milyon barrel neftdən gedir.

“Strateji ehtiyat” ideyası 1970-ci illərdə yaranıb.

Ehtiyatların Beynəlxalq Enerji Agentliyinə üzv ölkələrin 90 günlük tələbatını ödəməsi nəzərdə tutulur. Ən çox neft ehtiyatına sahib olan ölkə ABŞ-dır.

Duz mağaraları
Şəkil 2. ABŞ-ın neft ehtiyatları yeraltı buz mağaralarında saxlanır

Ehtiyat neft ideyası niyə yarandı?

Neft ehtiyatı yaratmaq fikri ABŞ-da 1973-cü ildəki neft böhranından sonra ortaya çıxmışdı.

Həmin ildəki Ərəb-İsrail müharibəsində ABŞ İsraili dəstəklədiyi üçün Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neft embarqosu tətbiq etmiş, dünyada neftin bir barrelinin qiyməti 3 dollardan 12 dollara yüksəlmişdi.

Yanacaqdoldurma stansiyalarında benzin üçün növbəyə durmuş avtomobil növbələri o dövrün simvollarından birinə çevrilmişdi.

1975-ci ildə ABŞ Konqresinin qəbul etdiyi “Enerji siyasəti və mühafizəsi haqqında” qanunla Strateji Neft Ehtiyatı yaradılmışdı.

1973 Ərəb-İsrail müharibəsi
1973-cü ildəki Ərəb-İsrail müharibəsində ABŞ İsrailin tərəfini tutduğu üçün Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) neft embarqosu tətbiq etmiş, dünyada neftin qiyməti 4 dəfə artmışdı

Neft ehtiyatı harda saxlanır?

Neft ehtiyatlarını saxlamaq üçün dörd yer müəyyən edilmişdi: Texas əyalətindəki Freeport və Winnie bölgəsiylə Lousiana əyalətindəki Lake Charles və Baton Rouge bölgəsi.

Bu bölgələrdə neft yerdən 1 km dərinlikdəki duz mağaralarına yığılır. Nefti yerin üstündə və barellərdə saxlamaq həm daha bahalı, həm də təhlükəlidir. Yeraltı mağaralardakı təzyiq və duz neftin sızmasına mane olur.

Freeport-dakı ən böyük neft ehtiyatı 245 milyon barrel həcmindədir.

Strateji Neft Ehtiyatının saytındakı məlumata görə, 13 sentyabr 2019-cu il tarixə bu mağaralarda 645 milyon barrel neft olub.

ABŞ-dakı rəcmi instansiyaların məlumatlarına görəsə 2018-ci ildə amerikalıların bir günlük neft istehlakı 20,5 milyon barrel olub. Yəni hazırda ABŞ-da hər hansı böhran şəraitində ölkəyə 31 gün bəs edəcək qədər neft ehtiyatı var.

Neft ehtiyatı necə dövriyyəyə buraxılır?

Qanuna görə, “enerji tədarükündə ciddi şəkildə fasilə yarananda” prezident neft ehtiyatlarıını dövriyyə buraxmaq hüququna malikdir.

Ancaq fiziki imkanlar baxımından onları bazara çıxarmaq iki həftə vaxt ala bilir.

Bundan başqa, ehtiyatlar ancaq xam neftdən ibarətdir və nəqliyyat vasitələrində istifadə edilə bilməsi üçün emal edilməsi lazımdır.

ABŞ-ın enerji naziri Rick Perry CNBC-yə verdiyi açıqlamada bildirib ki, Səudiyyə Ərəbistanının neft qurğularına hücumlardan sonra ehtiyatlardan istifadə barədə danışmaq “bir az tezdir”.

Strateji Neft Ehtiyatı

Ehtiyatlardan tez-tezmi istifadə edilir?

Neft ehtiyatlarından sonuncu dəfə 2011-ci ildə istifadə edilib. “Ərəb baharı” zamanı baş verən üsyanlar neft tədarükündə fasilələr yaratmış, Beynəlxalq Enerji Agentliyinin üzvü olan ölkələr bazara toplam 60 milyon barrel neft çıxarmışdı.

ABŞ bir sıra başqa hadisələr zamanı da neft ehtiyatlarının bir qismindən istifadə edib. 1991-ci ilədki Körfəz müharibəsi zamanı prezident George HW Bush, 2005-ci ildəki “Katrina” qasırğası zamanı isə prezident George W Bush 11 milyon barrel ehtiyat neftin istifadəsi barədə qərar verib.

Ancaq bəziləri hesab edir ki, ölkədə enerji istehsalının sürətlə artdığı bir dönəmdə böyük ehtiyatların saxlanması doğru deyil.

Hətta Washington-dakı bəzi qurumlar onların tamamilə ləğv edilməsini təklif ediblər.

2017-ci ildə Trump-un komandası federal büdcə kəsirini bağlamaq üçün ehtiyatların yarısını satmaq ideyasını müzakirəyə çıxarmışdı.

1997-ci ildə – prezident Bill Clintonun zamanında büdcə kəsirini bağlamaq üçün 28 milyon barrel neft satılmışdı.

Gununsesi.org