Neftimizin qiyməti 55 dollara düşüb - Korona virusun qlobal təsirləri Neft Fondunu da vurur

  • By admin
  • 02 Fevral 2020 09:36

Korona virusu dünya iqtisadiyyatını çox pis dövrdə yaxalayıb.

Adətən işgüzar fəallığın aşağı düşdüyü ilin əvvəlində üstəlik virusun da yaratdığı qlobal təhlükələr artıq beynəlxalq maliyyə və əmtəə bazarlarından exo verir.

Belə ki, fond birjalarında səhmlər dəyərsizləşir, əmtəə bazarlarında xammal (neft-qaz, mis, dəmir filizi, qızıl, gümüş və s.) ucuzlaşır. Nüfuzlu Goldman Sachs investisiya bankının hesablamalarına görə korona virus Çin iqtisadiyyatlnda artım ən azı 0,4 faiz aşağı salacaq və onun başlıca təsirləri həmçinin ABŞ və Yapon iqtisadiyyatına olacaq.

Bu virusun təsirindən cari ilin birinci rübündə Çində neftə olan gündəlik tələbat orta hesabla 250 min barreldən çox azalacaq. Təbii ki, bu azalmanın trendə keçməsi və getdikcə böyüməsi dünya bazarında neftin qiymətlərini də ucuzlaşdırır. Artıq ucuzlaşma prosesi başlayıb, Azərbaycan neftinin satış qiyməti ötən cümə 2020-ci ilin büdcəsi hesablanarkən götürülmüş baza qiymətinə – hər barrel üçün 55 dollara – qədər aşağı düşüb. Bu arada qaz qiymətləri daha sürətlə ucuzlaşır. Son 1 ildə 31 faiz dəyər itirən qazın qiymətində eniş davam edəcək.

Bunun xüsusilə də Azərbaycanda qaz hasilatında artım dövrünə təsadüf etməsi ölkənin gəlirlərini azaldacaq. Korona virusun dünya birjalarında səhmlərin qiymətinə mənfi təsirləri nəticəsində Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin idarəedilməsindən gəlirlər də aşağı düşəcək. Belə ki, ARDNF-nin aktivlərinin 69,6 faizi istiqrazlar və pul bazarı alətlərində, 13,4 faizi səhmlərdə, 11, 4 faizi qızılda və 5,6 faizi əmlakda yerləşdirilib. Çin və Azərbaycan arasında investisiya, ticarət və səyahət əlaqələri də bu virusdan dolayı mənfi yöndə təsirlənəcək.

Çox şey korona vurusuna əlacın nə vaxt tapılacağından asıldır. Əgər, bu tez baş verərsə, onda sabitləşmə də erkən başalyacaq. Əks təqdirdə qlobal iqtisadiyyat hər növbəti həftə əvvəlkindən daha çox ziyan çəkəcək.

 

 

Qubad İbadoğlu

Gununsesi.org