Nicat Rəhimov: “Cahangir Əsgərova demişdilər ki, Nicat alkaşdır, atası da müxalifətçi”

Nicat Rəhimov: “Cahangir Əsgərova demişdilər ki, Nicat alkaşdır, atası da müxalifətçi”

Nicat-Rehimov

Əli Rəhimov: “İsgəndər Əsgərov mənə dedi ki, Cahangir Əsgərov deyir: “Uşağını hara aparır-aparsın, ona burda yer yoxdur”

Qazaxıstanı təmsil edən azərbaycanlı atletNicat Rəhimov Rio-de-Janeyroda keçirilən Olimpiadada təkanla qaldırmada dünya rekordunu yeniləyərək 1-ci yer tutub.

Bundan sonra perspektivli idmançının ölkədən gedişinə imkan yaratdığına görə Azərbaycan Ağır Atletika Federasiyası sosial şəbəkələrdə, mediada tənqid olunmağa başladı, xüsusən də idmançının atası Əli Rəhimovun dediklərindən sonra.

“O, QAZAXISTAN VƏTƏNDAŞIDIR”

Ata AzadlıqRadiosuna müsahibəsində “yığma üzvlərinə dopinq verildiyini, bu sahədə özbaşınalıq hökm sürdüyünü” bildirir.

Nicat Rəhimov özü Azadlıq Radiosunun qazax xidmətinə Qazaxıstanda qalacağını bildirmişdi. Onun atası Əli Rəhimovsa AzadlıqRadiosuna deyir:

“Bunu gələcək göstərər. İndiki dövrdə o, Qazaxıstan vətəndaşıdır və oranı təmsil edir. Mən Nursultan Nazarbayevə, oranın idman nazirinə, Ağır Atletika Federasiyasına, bütünlükdə qazax xalqına təşəkkür edirəm ki, oğluma belə şərait yaradıldı və dəstək verdilər. Eləcə də xalqıma minnətdaram ki, Azərbaycandan gedən idmançılardan çox ona dayaq durdular”.

“BURDA NARAHAT İDİM, QAZAXISTANDA ARXAYIN OLDUM”

Nicat Rəhimovun atası özü də idmanın ağırlıqqaldırma növü ilə məşğul olub, SSRİ idman ustasıdır, Azərbaycan yığmasını beynəlxalq oyunlarda təmsil edib. Oğlunun idmançı kimi yetişməsi həm də onun xidmətidir.

– O, Azərbaycan yığmasında təlim-məşq toplanışına qatılanda mən hər gün narahat idim. Amma onu Qazaxıstana aparanda narahatlığım bitdi. Mən oranın məşqçilərinə, məşq sisteminə, komandanın nizam-intizamına arxayın olub apardım oğlumu və peşman deyiləm.

– Hansı problemlərə görə onu Qazaxıstana apardınız?

– Ağır Atletika bazasında özbaşınalıq idi. Birinə işi tapşırmışdılar, o da deyirdi: “Burda mənəm, Bağdadda kor xəlifə”. Federasiyanın icraçı direktoru İsgəndər Əsgərova, bir də baş məşqçi Zlatan Vanevə dəfələrlə xəbərdarlıq etmişdim ki, “belə yığma olmaz”. Nicat da müsahibələrində demişdi, mən də demişdim ki, Azərbaycan ağır atletikası bu gedişlə məhv olasıdır. Bu gün gördük ki, düz demişik. O vaxt məni qınayırdılar ki, “nahaq göndərdin oğlunu”. Onda deyənlər indi təqdir edirlər məni: “Yaxşı ki göndərdin”. Problemlər vardı. Mən yenə də onlara təşəkkür edirəm ki, bu cütlük bizə bu problemləri yaşatdı və Nicat da çempion oldu. Bu gün Azərbaycana medal gətirəsi idmançılarımızı məhv etdilər. Ağır atletikada idmançımız qalmadı, hamısı ömürlük idmandan getdi. Burda qalsaydı, onlardan biri də Nicat olacaqdı. Ona görə də onlara təşəkkür edirəm.

– Həmin idmançılara hansı problemi yaradırdılar ki?

– Zlatan Vanev yığmanın üzvlərinə dərman verirdi. Mən deyəndə inanmadılar.

– Söhbət dopinqdən gedir?

– Bəli. Mən şəxsən tapşırmışdım ki, “uşağıma ondan verməyin”. Şəxsən İsgəndər mənə zəng vurdu ki, “Nicata dərman vermək istəyirik, amma sənin razılığınla”. Mən razılaşmadım, bizimlə üzülüşdülər. İsgəndər Əsgərov müsahibəsində demişdi ki, “Nicatın atası çörək bişirəndi, getsin çörəyini bişirsin, o haranın mütəxəssisidir”. Bəli, mən iyirmi ildən çoxdur çörək işindəyəm. Əlimin zəhmətiylə qazanıram çörəyimi. Amma keçmişim idmana bağlıdır. Qardaşlarım idmançı olub, qardaşım Vaqif Rəhimov, İlham Rəhimov sovet dönəmində adlı-sanlı güləşçilərdən olub. İsgəndər özünü sudan çıxarmaq üçün elə deyirdi. Özü voleybolçudur, onu gətirib ora qoyandadır günah.

– Bütün bunlardan Federasiya rəhbərliyinin və ya nazirliyin xəbəri vardımı?

– Nicat Azərbaycanda yeniyetmələrin Avropa çempionu, Sinqapur Olimpiadasının qalibi olmuşdu, gənclərin dünya birinciliyinin gümüş mükafatçısı idi. Bu cür idmançı ölkədən gedəndə idman nazirinin, ya da Federasiya rəhbərliyinin xəbəri yox idi? İsgəndər Əsgərov mənə dedi ki, Cahangir Əsgərov(AZAL QSC-nin rəhbəri, eyni zamanda, Ağır Atletika Federasiyasının prezidenti-red.) deyir: “Uşağını hara aparır-aparsın, ona burda yer yoxdur”. Mən bilirəm ki, Cahangir Əsgərovun orda olanlardan xəbəri yoxdur, onlar gedib vəziyyəti başqa cür qələmə vermişdilər. O işi bunlara tapşırmamalı idi. Bunlar gedib ona demişdilər: “Nicat özü alkaşdır, atası alkaşdır, müxalifətçidir”. Mən həyatı boyu içən olmamışam, müxalifətçi olmamışam. Xahiş edirəm, indi də onlara çatdırasınız, mənim, ya oğlumun adından istifadə etməsinlər. Biz müxalifətçi deyilik.

“AZƏRBAYCAN OLİMPİYA YIĞMASINA GÜLÜRLƏR”

İdman eksperti, “Futbol +” qəzetinin yazarı Sərxan Musalı Nicat Rəhimov kimi idmançıların itirilməsinə təəssüflənir. Və onu da vurğulayır ki, heç kim bu itkinin fərqinə varmır.

O bu yerdə Federasiya rəhbərlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edir.

“Qaçış üzrə idmançımız Ramil Quliyev də başqa bayraq altında çıxış edir. O da Nicat kimi Olimpiadada birincilik qazansa, bu, Azərbaycana ikinci zərbə olacaq. Biz mümkün qədər çalışıb öz potensialımızdan istifadə etməliyik, səviyyəli idmançıları, məşqçiləri dəvət etməliyik. Biz qənaət rejiminə keçiriksə, o zaman Olimpiya yığmamızın niyə 60 faizi əcnəbilərdən ibarət olmalıdır? Olimpiadadan sonra bu məsələyə baxılmalıdır, xüsusən də uğursuz legionerlər uzaqlaşdırılmalıdır. Bizə gülürlər ki, Azərbaycan ən çox legioneri olan Olimpiya yığmasıdır”, – deyir Sərxan Musalı.

Rio-de-Janeyroya Azərbaycan adından gedən 56 idmançı arasında ağırlıqqaldıran yox idi. Belə ki, dopinq qalmaqalına görə Azərbaycanın olimpiadaya gedəcək 3 atletinin lisenziyası ləğv edilib.

COMMENTS