Niderlanddakı Üzeyir Mehdizadənin mahnısı qalmaqal yaratdı - Onu kim seçib?

  • By admin
  • 10 Yanvar 2020 16:46

Xəbər verdiyimiz kimi, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyundan əvvəlki məşqi qadın valeybolçularımız Üzeyir Mehdizadənin “Yaxşı olar” adlı mahnısının sədaları altında keçirib. 

Bu, sosial şəbəkələrdə kiçik qalmaqala səbəb olub. Belə ki, bəzi şəxslər Ü.Mehdizadənin mahnısının əvəzinə, Üzeyir Hacıbəyovun əsərlərindən birinin səsləndirilməsinin düzgün olduğunu yazıb. Lakin gənc ifaçını dəstəkləyənlər də az olmayıb. Sosial şəbəkə istifadəçiləri Üzeyirin bir çox ölkələrdə sevildiyini və ona sahib çıxmalı olduğumuzu vurğulayıb.

Bəs görəsən, sözügedən mahnı valeybolçularımızın istəyiləmi səsləndirilib? Onu sifariş edən kim olub?

Gununsesi.org xəbər verir ki, Azərbaycan Valeybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova “Yeni Sabah”a açıqlamasında mahnının təsadüfən seçildiyini deyib. Belə ki, “Yaxşı olar” reytinqdə ən çox baxış sayı yığan Azərbaycan mahnısı (109 milyon) olduğuna görə, axtarış zamanı da ən birinci səhifəyə o çıxıb. Bununla da, maraqlı görüntülər yaranıb:

“Bu, təsadüfən olub. Valeybolçularımızın özünün də bundan xəbəri yox idi. Yəqin ki, onlar Azərbayacana aid mahnı qoymaq istəyirdilər. “Youtube”də axtarış veriblər və ən çox dinlənilən mahnı kimi bu çıxıb, bunu da qoşublar. Yəni tam bir təsadüf”.

Qeyd edək ki, Niderlandda keçirilən oyunda millimiz Bolqarıstana 3:1 hesabı ilə məğlub olub.

Gununsesi.org