Niyə Bakıda da bölgələrdəki kimi vətəndaşların qəbulları keçirilmir?..

  • By admin
  • 15 May 2019 13:15

Prezidentinin tapşırığına əsasən 2013-cü ildən başlayaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiq olunmuş qrafikə uyğun olaraq vətəndaşların bölgələrdə mütəmadi qəbullarını keçirirlər.

Gununsesi.org xəbər verir ki, 2018-ci ildə respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 828 mindən çox vətəndaş qəbul edilib. Onların 56,7 faizi mərkəzi, 43,3 faizi yerli icra hakimiyyəti orqanlarında qəbul olunub.

Lakin bölgələrdən fərqli olaraq Bakıda nazirlərin, komitə sədrlərinin və digər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbulları bir sıra kiçik istisnalar olmaqla faktiki olaraq aparılmır.

Müşahidələr göstərir ki, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bu qurumların internet səhifələrində yerləşdirilmiş qəbul qrafikinə uyğun olaraq vətəndaşların qəbullarını demək olar ki, keçirmirlər.

Əksər hallarda isə, bu qəbulların vaxtı ay üzrə cəmi bir-iki saatla məhdudlaşdırılır. Bəzi mərkəzi icra hakimiyyəti orqanlarının qəbul qrafiklərində isə, həmin orqanların rəhbərlərinin ümumiyyətlə Bakıda qəbulu nəzərdə tutulmur (?!)

Maraqlıdır ki, ölkə əhalisinin az qala yarısının Bakı şəhərində məskunlaşdığını nəzərə alsaq, burada mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin qəbullarının faktiki olaraq aparılmaması başadüşülən deyil.

Əlbəttə, bölgələrdə də vətəndaşların qəbulları vacibdir və indiki halda bu prosesin davamlı hal alması təqdir olunmalıdır (o başqa məsələ ki, bu qəbulların özünün də tənqidi tərəfləri vardır).

Vətəndaşların müraciətlərinə dair qanunvericilik hamı və hər yer üçün eyni qayda və tələblər nəzərdə tutsa da, vətəndaşların qəbulu məsələlərində daha çox bölgələrə önəm verilməsi başadüşülən deyil.

Görünür mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə olduğu kimi Bakı şəhərində də vətəndaşların faktiki qəbullarının aparılması üçün də xüsusi tapşırıq olmalıdır…