Növbədənkənar deputat seçkiləri gözlənilir - PLOTOLOQ ZƏRURİ SƏBƏBLƏRİ AÇIQLAYIR

  • By admin
  • 19 Mart 2019 09:48

Bu ilin əvvəlindən başlayaraq ölkə prezidenti İlham Əliyev tərəfindən ən müxtəlif sahələr üzrə mühüm sərəncamlar verilir, iqtisadi-sosial, ictimai-siyasi sferada müsbət addımlar atılır. İnqilabi xarakterli islahatlar tamamilə yeni bir atmosfer yaradır.

Son iki ay ərzində ölkə rəhbəri şəhid ailələri ilə görüşdü və birdəfəlik müavinət ala bilməyən bu ailələrin problemi həll olundu. Problemli kreditlər barədə də prezidentin cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanan qərarı oldu və həmin qərardan sonra  bu problem aradan qalxmaq üzrədir. Pensiyalar, minimum əməkhaqları, sosial müavinətlər qaldırıldı. Ölkə başçısının bir sıra rayonlara da səfərləri oldu, xalqla yaxından təmas quran prezident onların problemləri ilə maraqlandı, şəxsən özü şikayətçilərin əllərindən onların ərizələrini aldı. Bu cür faktlardan ibarət siyahını uzatmaq da olar.

Habelə, bloger Mehman Hüseynovun işi, iki gün öncə isə geniş miqyaslı əfv sərəncamının imzalanması da böyük rezonans doğurub. Sərəncamla həbsdəki 55 siyasi fəal da azad edildi, bütövlükdə əfv 431 nəfərə şamil olundu. Novruz əfvi təkcə ölkə daxilində deyil, beynəlxalq qurumlar tərəfindən də alqışlarla qarşılandı.

Son olaraq, martın 18-də sərəncam imzalayan ölkə rəhbəri 2019-cu ilin dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayırıb.

Bu vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin avtomobillə təminatına yönəldiləcək.

Bütün bunların fonunda ölkədə tam yeni bir siyasi mühit formalaşdığı və bunun növbədənkənar parlament seçkilərinə də zəmin yaratdığı ekspertlər tərəfindən vurğulanır. Qeyd edək ki, hələ bir müddət öncə bu haqda ilkin informasiyalar “Yeni Müsavat”a daxil olmuşdu.

İlkin xəbərdə parlament seçkilərinin bu ilin aprel-may aylarında baş tutacağı iddia olunurdu. “Yeni Müsavat”a daxil olan son məlumatda isə bildirilir ki, növbədənkənar seçkilərin keçirilməsi üçün konstitusiyada dəyişikliklər edilməsi zərurəti olduğundan proses sentyabr-oktyabr aylarınadək uzana bilər.

Ekspertlər bütün hallarda bu islahatların məntiqi davamı kimi qanunverici orqanda da dəyişikliklərin ola biləcəyini ehtimal edirlər. Hətta hökumət daxilində artıq seçkilərə hazırlıqların getdiyi də gələn xəbərlər sırasındadır. Belə iddialar da səslənir ki, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ilə parlament seçkiləri eyni günə təsadüf edə bilər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli parlament seçkilərinin keçirilməsi üçün zərurətin yarandığını düşünür. “Yeni Müsavat”a açıqlamasında sabiq müşavir bunları dedi: “Aparılan struktur islahatlarının davamı mütləqdir. Yəni idarəetmə aparatı sadələşdirilir, artıq lüzumsuz, bürokratik aparatdan imtina edilir, daha çevik və mobil idarəetmə sistemləri tətbiq edilir. Bunun hesabına idarəetmə çevik olmaqla yanaşı, həm də asanlaşır. İdarəetmədə bürokratik əngəllər yaradan, rüşvətə, korrupsiyaya yol açan sahələrin bəziləri “ASAN Xidmət“ə verilir. Beləliklə də dövlət orqanları xeyli şəffaflaşır. Məmur özbaşınalığına tədricən olsa da, son qoyulmağa başlanılıb. Sıravi insanları incitməyi özlərinin peşələri sayanlar idarəetmədən uzaqlaşdırılır. Bununla da idarəetmə humanist xarakter daşımağa başlayıb. Düşünürəm ki, idarəetmənin qolları arasında əlaqələrin yaradılmasına ciddi ehtiyac duyulur. Yəni hakimiyyətin icraedici orqanları ilə qanunverici orqanları, eləcə də məhkəmə orqanları arasında bölgünün dəqiqləşdirilməsi, ”hakimiyyətin üç qol prinsipi”nə dünya praktikasına uyğun olaraq əməl edilməsi məsələsi də gündəmə gəlir. Bu gün bəzi məsələlərlə bağlı etiraf etmək lazımdır ki, qanunverici hakimiyyətin rolu bəzən icraedici hakimiyyətin rolu ilə qarışdırılır. Məhkəmə orqanlarında ciddi siyasi islahatlara ehtiyac var. Bu orqanların müstəqilliyi xeyli artırılmalı, onun işinə ictimai nəzarətin gücləndirilməsi xeyli vacib görünür. Çünki bu gün hüquq-mühafizə orqanlarındakı özbaşınalıq, rüşvət və korrupsiya halları hələ ki durdurula bilməyib, bu proses davam etməkdədir. Məhkəmə hüquq islahatları köklü aparılmalıdır. Elə edilməlidir ki, məhkəmə sisteminə hakimiyyətin digər qolunun təsir etmək imkanı olmasın.

Nəticə etibarı ilə qəbul edilmiş qərarlar qanunvericiliyə söykənməlidir. Prezident bunların anonslarını verib, növbəti islahatların məhkəmə orqanlarını əhatə edəcəyi barədə fikirlər səsləndirib. Düşünürəm ki, bu kontekstdə qanunverici hakimiyyətin yenilənməsinə, işinin daha da səmərəli olmasına ehtiyac duyulur. Çünki vəzifələrindən istefa vermiş deputatlar var,  dünyasını dəyişən deputat da var. Kifayət qədər passiv, qanunvericilik hakimiyyətinin səlahiyyətlərini bilməyən, qanunvericilik məsələsində səsi olmayan adamlar da az deyil. Parlament sözün həqiqi mənasında peşəkar olmalıdır. Milli Məclis peşəkar adamlardan, özü də qanunvericilik məsələlərini dərindən bilənlərdən təşkil olunmalıdır. Bu məsələdə iş təcrübəsinə önəm verilməlidir ki, qanunverici hakimiyyət ölkədə möhkəmlənsin, digər proseslərə təsir etmək imkanları olsun. Düşünürəm ki, parlament seçkilərinin qabağa çəkilməsində heç bir qəbahət yoxdur. Bunun üçün hətta kifayət qədər zərurət yaranıb. Üstəlik də islahatlar dərinləşdikcə daha da radikal əhəmiyyət kəsb edir. Bunun fonunda hakimiyyətin hər üç qolunda islahatlar başa çatmalıdır. Kadr islahatları artıq davamlı xarakter daşımağa başlayıb. Məhkəmə islahatlarının başlanılması haqqında rəylər var. Qanunverici orqanın yenidən seçilməsi, qanunvericiliyə edilən dəyişikliklərlə  struktur dəyişikliklərinin də əsası qoyula bilər”.