Nüfuzlu admiral prezidentə qarşı qiyama çağırdı

  • By admin
  • 20 Oktyabr 2019 18:59
ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının (“Navy Seals”) keçmiş komandiri, admiral Uilyam Makreyven “The New York Times” qəzeti üçün yazdığı məqalədə prezident Donald Trampı kəskin tənqid edib və onu “mümkün qədər tez” Ağ evdən uzaqlaşdırmağa çağırıb.
Gununsesi.org xəbər verir ki, “Bizim ölkəmizin təhlükəsizliyini onun prezidenti təhdid edir” başlıqlı məqalədə nüfuzlu admiral Donald Trampın ali baş komandan kimi fəaliyyətini kəskin tənqid edir. Xüsusi təyinatlıların keçmiş komandirinin sözlərinə görə, hazırda demək olar bütün Amerika hərbçiləri, kəşfiyyatçıları, diplomatları və hətta polisi-hamı prezidentin nə etdiyini və nə danışdığını görərək alçalma, əzilmə, hiddət və qorxu  içərisindədir.
“Oval ofisdə yeni adamın olmasının vaxtı çatıb-respublikaçı, demokrat və ya müstəqil. Nə qədər tez olsa o qədər yaxşıdır. Bundan bizim respublikanın taleyi asılıdır”,-admiral yazıb.
Uilyam Makreyven qeyd edib ki, ABŞ-ın maraqlarının onun köhnə düşmnlərinə (yəqin ki, İrana və Rusiyaya) satılması, Amerika əsgərləri ilə döyüş meydanında çiyin-çiyinə döyüşənlərə qarşı satqınlıq (qoşunların Suriyadan çıxarılması nəzərdə tutulur) hərbi geyimli insanlarda kəskin neqativ reaksiya doğurur. Hərçənd konstitusiyaya görə onlar siyasətdən kənar qalmalıdır.
Admiral Makreyven Amerika hərbi elitasının ən nüfuzlu nümayəndələrindən biridir və “Əl-Qaidə” lideri Üsəma bin Ladenin Pakistanda məhv edilməsi əməliyyatını məhz o hazırlayıb, əməliyyata rəhbərlik edib.
Hazırda ABŞ Konqresinin Nümayəndələr palatasında Trampa qarşı impiçment proseduru həyata keçirilir. Bu, Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı rəqibi Cozef Bayden haqda kompromatlar tapmağa çağırmasından sonra baş verib.