Oğuz-Qəbələ-Bakı su kəmərinə görə kompensasiyalar ödənmir - Yasamal məhkəməsi isə qətnamə qəbul etməkdən yayınır

  • By admin
  • 18 Avqust 2016 15:02

5425F849-E969-498F-94B8-368D48DDB49F_w987_r1_s

Beş ildən coxdur ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi zamanı zərər görmüş kəndlilərin kompensasiyası ödənilmir. Ölkənin 8 rayonunun ərazisindən keçən su kəmərinə görə 3257 torpaq mülkiyyətçisinin yalnız  bir neçəsi itirilmiş mülkiyyətə görə kompensasiya ala bilib. Hazırda daha 5 nəfərin işi məhkəmədədir.

Zərərçəkənlərin vəkili olan, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyev Gununsesi.info-ya bildirib ki, Yasamal rayon Məhkəməsinin sədri və Hakimlər İctimai Birliyinin sədri Ələddin Cəfərov qanunu pozur: “ Yasamal Rayon Məhkəməsi 5 ildir ki, icraatında olan “Oğuz-Qəbələ-Bakı” su kəmərinin tikintisi ilə əlaqədar, torpaqları kəmər altına düşmüş B.Vəzirov da daxil olmaqla 5 nəfər torpaq mülkiyyətçisinin onlara dəymiş ziyanla əlaqədar kompensasiyanın ödənilməsi üçün “Azərsu” ASC-yə qarşı iddia ərizələri üzrə məhkəmə qətnaməsi qəbul etmir. Məhkəmə qanunda olan və ya olmayan, əsaslı və ya əsassız, süründürməçilik kimi bütün yollardan istifadə etsələr də heç bir nəticə olmayıb”.

Hüquqşünas bildirir ki, bütün məhkəmə araşdırmaları və ekspert rəyləri mülkiyyətçilərə kompensasiya ödənilməsini təsdiq edir: “Sual yaranır ki, 3 ay ərzində baxılması mümkün olan, lakin 5 il süründürməçilik edilən bu prosesin kökündə nə dayanır”.

Qeyd edək ki, “Oğuz-Qəbələ-Bakı” su kəmərinin tikintisi 2007-ci ildən başlasa da, istifadəyə 2010-cu ildə verilib. Topraq sahələri kəmər altına düşmüş 3 mindən artıq mülkiyyətçiyə dəymiş zərərə görə heç bir kompensasiya ödənilməyib. Uzun müddət bu işi “Azərsu” ASC Maliyyə Nazirliyinin, Maliyyə Nazirliyi isə digər dövlət qurumlarının üzərinə atmaqla, faktiki olaraq kompensasiya ödəməkdən imtina etdilər.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info