Ölümün ASTANasında - LƏMAN ƏLƏŞRƏFQIZI DEPUTATIN VƏFATINDAN YAZIR

  • By admin
  • 15 Aprel 2018 21:20

Astan Şahverdiyev öldü. Bu günün xəbər manşeti də bu oldu. Əslində torpaqdan yaranan biri torpağa getdi. Hamımızın başına gələn və gələcək bir hadisədir. Buna görə sevinmək məncə ədəbsizlikdən başqa bir şey deyil. Amma sevinənlər də vaxtilə edilən ədəbsiz bir rəftarın əvəzini çıxırlar. Hansı ki, Astan Şahverdiyevin ağzından çıxmış və əksəriyyət bu adda, bu soyadda deputatın olduğunu da onda bilmişdi. Yalan nə deyim, şəxsən mən özüm də Astan müəllimi həmin “otxod” söhbətindən tanımışam. O vaxta qədər Şahverdiyev soyadında bircə adam tanıyırdım. O da facebook dostum Nemət Şahverdiyev idi. Çox vətənpərvər, çox zəhmətkeş bir Azərbaycan oğlu. Tez-tez onun paylaşımlarını bəyənirdim, gah saz çalırdı, gah rəsm çəkirdi, gah da əsgər paltarında Vətənin namusunu, qeyrətini çəkdiyini göstərirdi. Nemət hərdənbir sovet istehsalı maşınının da şəklini paylaşırdı. Xüsusilə o vaxtlar ki, kimlərsə “Galenvagen”li qaqaşların yüksək sürətinə qurban gedirdi, bax onda Nemətin ağ köhnə “Jiquli”si də facebookda “cövlan edirdi”. Gah matoru dağılırdı, gah “qluşiteli” xarab olurdu. Yazığım gəlirdi, Nemətə. Ürəyimdə deyirdim ki, bu uşaq “Galenvagen” sürəndən əskik deyil ki. Əksinə, vətənpərvərdir, ağıllıdır, torpaq, millət dərdi çəkəndir. günlərin bir günü Astan Şahverdiyev “otxod” söhbəti ilə gündəmə gələndə və mən bu haqda bir yazı yazanda Nemət də mənə belə yazdı. ” Ləman xanım, o mənim dost-doğma əmimdir. Ondan heç dədə-babası xeyir görməyib, millət nə xeyir görəcək?”

Xeyli gülmüşdüm onda. Əslində isə ağlayası bir durumdur. İnsan həqiqətən də bu dünyadan heç nə aparmır. Bircə yaxşı addan, hörmətdən, xeyirxahlıqdan başqa . Astan Şahverdiyev o şansı əlindən verdi. Adamın ölümü çox hörmətsiz oldu. Halbuki, onun əlində nə qədər imkanları vardı yaxşı ad qoyub getmək üçün.

Haqqındakı Vikipediya məlumatlarını oxuyuram. Titulları bitmir ki, bitmir. Professordur, elmi rəhbərliyi altında 9 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə olunub, 300-dən çox elmi əsərin, filan qədər monoqrafiyanın müəllifidir. Beynəlxalq konfrans və simpoziumlarda oxuduğu mühazirələr gəzdiyi ölkələr qədər rəngarəngdir. Rus və ingilis dillərini bilirdi. Amma təəssüf ki, öz millətinin dilini bilmədi. Haçan danışdısa, bir quş buraxdı.

Gah, Rusiyaya işləməyə gedənləri “otxod” adlandırdı, gah da “Qarabağın qələbəsi məni maraqlandırmır” açıqlamasını verib sonra isə “mən bəyəm qudurmuşam ki, belə deyim?” təkzibini verdi. Bu bəyanatının səs-küyü unudulmamış müğənni Firuzə İbadovanın torpağını mənimsəmə faktı ilə gündəmə gəldi. Amma Milli Məclisin 3 çağırış deputatı olan bu adam bir dəfə də olsun yaddaqalan bir çıxışı, bir təklifi ilə gündəmə gəlmədi. Bu da son.

7 arşın kəfən, bir ovuc torpaq. Firuzə İbadovanın Badamdardakı zəbt olunan torpağı yox haa…Qurd qapısı qəbristanlığındakı torpaq. Nə deyək, Allah günahlarını bağışlasın. Ölümün ASTANasında olan hər kəs üçün bu aqibət bir dərs olsun.

Ləman Ələşfrəzqızı

Əməkdar jurnalist