Ömür yükü… - ESMİRA İSMAYILOVA YAZIR

  • By admin
  • 24 Noyabr 2017 17:24

Onu çəkmək niyə belə ağır olub?

İnsan özü iddia etdiyi kimi bütün yaradılmışların əşrəfidirmi? – bilmirəm. Amma əminəm ki, ona verilən ömür payı tanrı əmanətidir. Bu əmanəti haqq-hesab gününə kimi daşımaq – yəni yaşamaq isə ali insanlıq vəzifəmiz. Amma ömür yükü nə ağır şələ imiş. Baxmayaraq ki, biz doğulanda valideynlərimiz, balalarımız doğulanda isə biz sevinmişik, doğum günlərimizi sevinclə qeyd etmişik və indi də edirik. Amma, etiraf edək ki, çoxumuz ömrümüzü ömür kimi yaşamırıq, bir ağır yük kimi sabaha daşıyırıq…

Həyat niyə bizə yük olub? Ömür payımız niyə kürəyimizdə ağır şələyə dönüb? Nədir buna səbəb-biganəlikmi, ətrafdakıların laqeydliyimi, ruzi qazanmağın çətinliyimi, hər birimizin öz iç dünyamıza qapılmağımızmı, sabaha olan inamsızlıqmı? Bəlkə daxilən duyduğumuz  tənhalıq  yaşam həvəsimizi öldürür?

…Bu soyuq payız günündə pessimist düşüncələrimə nə səbəb oldu? Bəlkə kifayət qədər xoşbəxt hesab etdiyim insanlardan birinin ölümü, digərinin mühacirəti? Ya bayırın xəzan durumu?Bilmirəm, amma bu anımda həyatı  kürəyimdə ağır bir yük kimi  hiss edirəm. Siz necə?…

Esmira İsmayılova-Lənkəran.

Gununsesi.info