OPEC neft ixracından 711 milyard dollar qazandı

OPEC neft ixracından 711 milyard dollar qazandı

2018-ci ildə OPEC-ə üzv ölkələrin neft ixracatından əldə etdiyi gəlirlər 2017-ci illə müqayisədə 32% artaraq 711 milyard dollar təşkil edib. Bu rəqəm 2017-ci ildə 538 milyard dollar olub.

Bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin məlumatında deyilir.

Məlumata əsasən, neftin dünya bazar qiymətlərinin yüksəlməsi OPEC ölkələrinin gəlirlərinin artmasının başlıca səbəbidir. Belə ki, dünya miqyasında ən çox istifadə edilən “Brent” markalı neftin orta hesabla qiyməti 2017-ci ildə 54 dollar olduğu halda, 2018-ci ildə bu göstərici 31% artımla 71 dollara çatıb. Eyni dövrdə ABŞ-ın “Qərbi Texas” markalı (WTI) xam neftinin orta qiyməti isə 27% artaraq 51 dollardan 65 dollara qədər yüksəlib.

OPEC-in ən böyük neft hasilatçısı və dünyanın ən çox xam neft ixrac edən ölkəsi olan Səudiyyə Ərəbistanı ötən il kartel daxilində neft ixracatından ən çox qazanan dövlətdir. Belə ki, Səudiyyə Ərəbistanı 2017-ci ildə neft ixracatından 172 milyard dollar gəlir əldə etdiyi halda, bu göstərici keçən il 38% artaraq 237 milyard dollar təşkil edib.

OPEC ölkələri arasında neft ixracatından ən çox gəlir götürən dövlətlərin siyahısında ikinci və üçüncü yerləri, müvafiq olaraq, İraq (2017-ci ildə 66 milyard dollar, 2018-ci ildə 91 milyard dollar) və BƏƏ (56 milyard dollar, 74 milyard dollar) tutublar.

COMMENTS