Paris hekayəsi - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 11 May 2018 12:51

Birinci yazı

Parisdə olub Parisdən yazı yazmamaq təkcə uşaqlıq arzularına xəyanət deyil, həm də Parisi bizə sevdirən kişilərin ruhuna xəyanətdir.Viktor Hüqonun, Onore de Balzakın, Mopassanın. Bəli, mən Parisi onlarla sevmişəm. Hüqonun “Səfillər”indəki  o köhnə Parisi, Fransa burjua inqilabının baş verdiyi küçələri, prospektləri. Hansı ki, kitabda “ avenue” deyə yazılırdı. Aman Allah, necə ürəkdən istəyirdim  19-cu avenuedə olmaq, Jan Valjanı addım-addım izləmək, balaca Kozettanın  su dolu ağır  vedrəsini əlindən almaq, Qavroşun  və onun dostlarının içərisində gizləndiyi nəhəng  fil heykəlinin qarşısında heykələ dönmək! Bunlar mənim gerçəKləşməyən uşaqlıq arzularım idi və bu mənada 7 yaşlı qızıma ürəyimdə həsəd də apardım. Düzdür, o hələ nə Hüqonu oxuyub, nə Kozettanı, nə Qavroşu tanıyır, nə də Paris onun yaddaşında  mənim yaddaşımdakı kimi qalacaq. O Parisi dərk etmək üçün  hələ çox balacadır. Paris isə sözün əsl mənasında nəhəngdir, gözəldir, bəşəridir.

Parisdə ən diqqətimi çəkən onların küçə mədəniyyəti oldu.  Səfillərdən oxuduğum  “rue”lərdə, “ avenue”lərdə hər şey sanki piyadanın rahatlığına, təhlükəsizliyinə hesablanıb. Piyada,  küçənin hansı yerindən keçmək istəsə “ no problem”, piyada xəttləri –öz təbirimizcə desək “zebra”lar hər addımda qarşındadır. Qəribə bir səliqə-səhman, qəribə bir gözəllik, qəribə bir özəllik  var  Paris küçələrində və adam düşünür ki, bu şəhərdə  piyada ölümü ilə nəticələnən qəzalar heç vaxt ola bilməz. Bu cəhəti ilə Paris Bakının tam tərsidir. Amma onların oxşar tərəfləri də var. Qəbristanlıqlar. Onlar da bizimkilər kimi əzəmətli qəbir daşlarını sevirlər. Hətta deyərdim ki, fransızların qəbristanlıqları azərbaycanlıların qəbristanlıqlarından  daha çox dəbdəbəlidir. Bəli, ağlıma nəyə görəsə  məhz dəbdəbə sözü gəldi. Fransızlar mənim aləmimdə bir ömür boyu əbədi dünyanın kamfortu üçün çalışırlar. Ən sadə fransızın belə qəbirüstü abidəsi bizim ən hörmətli, ən vəzifəli dövlət adamlarına qoyulan başdaşılardan daha əzəmətlidir.

Fransada olarkən iki məzarlıqda oldum. Biri şəhərin özündəki məşhur Passi məzarlığıdır ki, həmyerlimiz, xalq rəssamı Toğrul Nərimanbəyov bu məzarlııqda uyuyur və Passi Paris aristokratiyasının məzarlığı sayılır. Burda hətta 16-17-ci əsrdən qalma qədim sərdabələr var ki, onları bu dünya ilə bağlayan bağlar artıq çoxdan qırılıb. Yəni  heç kim “babasının babasının babasını” axtarıb tapmır, amma qəbir yerlərini müəyyən müddətdən sonra yenidən istismar edən Fransa kimi ölkədə belə qədim qəbirlərə toxunmurlar da. Üç əsr, dörd  əsr yaşı  olan qəbirə toxunsa bircə zaman toxuna bilər. Zaman isə sakitcə ötüb keçir bu qədim sərdabələrin yanından.  Yeganə azərbaycanlı  kimi Xalq rəssamı Toğrul Nərimanbəyovun belə bir məzarlıqda yatması da zamanın  və taleyin işidir. Əgər başdaşının üstündə azərbaycanlı olmağına dair  bircə işarə olsaydı biz buna  lap əla iş kimi baxardıq. Təəssüf ki, bu yoxdur. Sen Kluda- Əlimərdan bəy Topçubaşovun , Ceyhun  Hacıbəylinin və onların ailə üzvlərinin  uyuduğu  qəbristanlıqda isə Azərbaycanın hətta bayrağı da var. Topçubaşovun məzarı üstündə. Bəs bu bayraq altında birləşən azərbaycanlılar necə, varmı?

Onlar Fransada güclü olan erməni diasporunun qabağına çıxa bilirlərmi?

P.S. İkinci yazım bu haqda olacaq.

Ləman Ələşrəfqızı

Bakı-Paris-Bakı