Parlamentin qəbul etdiyi qanun ictimai etirazla qarşılandı - VƏTƏNDAŞLARIN QANUNVERCİLİK TƏŞƏBBÜSÜ HÜQUQU ƏLLƏRİNDƏN ALINIR

  • By admin
  • 14 İyun 2019 19:29

İyunun 14-də Milli Məclisin plenar iclasında yeni hazırlanan «Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında» Qanun layihəsi I oxunuşda qəbul edilib.

Gununsesi.org xəbər verir ki, qanun layihəsi 10 maddədən ibarətdir. Layihədə qeyd olunub ki, Azərbaycan Milli Məclisində qanunvericilik təşəbbüsü seçki hüququ olan 40 min vətəndaşa mənsubdur.

Milli Məclisə layihə verməkdən ötrü seçki hüququ olan ən azı 300 nəfərlik təşəbbüs qrupu yaradılmalıdır.

Bir təşəbbüs qrupu öz fəaliyyəti dövründə yalnız bir layihəni Azərbaycan Milli Məclisinin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edə bilər.

Təşəbbüs qrupu onun yaradıldığı gündən 1 ay ərzində özünün və təklif olunan layihənin qeydiyyata alınmasından ötrü ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edir.

Layihə birinci oxunuşda qəbul edilib. Lakin bəzi deputatlar deyiblər ki, bu layihə vətəndaşın qanunvericilik təşəbbüsü hüququnu müəyyən mənada çərçivəyə salır.

Elə qanunun qəbul olunduğu ilk gün ictimai narazılıqlar ortaya çıxıb.

«Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri Hafiz Həsənov AzadlıqRadiosuna deyib ki, bu layihə indiki şəkildə qanun olaraq qəbul edilsə, bu, vətəndaşların qanunvericilik təşəbbüsündən istifadə hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq».

H.Həsənovun bildirməsinə görə, 10 gün öncə bu layihə ətrafında Milli Məclisin deputatı Əli Hüseynovun iştirakı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının ofisində dinləmə də keçirilib: «Biz 2013-cü ildə Milli Məclisə bu məsələ ilə bağlı layihə təqdim etmişdik. Orada prosedurlar ən sadə şəkildə idi ki, seçki hüququna malik hər bir vətəndaş təşəbbüsünü gerçəkləşdirə bilsin. Amma indi Milli Məclisdə müzakirəyə çıxarılan layihə bizim təqdim etdiyimiz layihə ilə uyğun gəlmir».

O vurğulayır ki, təşəbbüs qrupunun 300 nəfərdən ibarət olması tələb edilir və bu say çoxdur: «6 il öncə bizim təqdim etdiyimiz layihədə onun tərkibi 10-20 nəfər arasında idi».

H.Həsənova görə, daha bir çətinlik 40 min səsin 60 seçki dairəsindən toplanması məsələsidir. O vurğulayır ki, növbəti diqqətçəkən bir məqam təşəbbüs qrupunun qeydə alınması və imzaların yoxlanması məsələsinin Mərkəzi Seçki Komissiyasına (MSK) ötürülməsidir: «Halbuki, bu, qanunverici orqan kimi Milli Məclisin birbaşa vəzifəsidir. Yəni, burada ölkə miqyasında referendum keçirilmir ki, bununla MSK məşğul olsun. Bunun özü qanunsuzdur».

H.Həsənova görə, daha bir problem təşəbbüs qrupunun yalnız bir layihə ilə çıxış edə bilməsi məhdudiyyətidir: «Faktiki bu, vətəndaş təşəbbüsünü mümkünsüz edir».

H.Həsənov deyir ki, layihə birbaşa vətəndaş azadlıqları və hüquqları ilə bağlı olduğundan Avropa Şurasının Venesiya Komissiyasına göndərilməlidir.

Xatırlatma

Bu məsələ Azərbaycan Konstitusiyasının 69-cü maddəsində də öz əksini tapıb. Həmin maddəyə görə, seçki hüququna malik 40 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Amma ekspertlər bildirirlər ki, bu hüququn tətbiqi mexanizmi ayrıca qanunda mövcud deyil.

Gununsesi.org