Partiyalar qocalır, gənclər siyasətdən qaçır

  • By admin
  • 28 Yanvar 2020 12:32

Bəlkə də yazının başlığı çoxlarınızı təəccübləndirdi. Amma bu, günümüzün gerçəkliyidir. İstər ölkə xaricində, istərsə də daxildə siyasi təşklatların tərkibinə diqqət etsəniz, bunu özünüz görəcəksiniz. Təəccübə yer qalmayacaq.

İkinci Dünya Müharibəsindən sonra bütün dünyada maraqlı bir xətt var idi. İnsanlar, xüsusilə gənc nəslin nümayəndələri siyasi arenada çıxış etməyə, müdafiə etdikləri ideologiyaları kütləyə aşılamağa, düşüncələrinə uyğun olan siyasi partiyanın üzvü olmağa can atırdılar. Bu, onlar üçün həyati məsələ sayılırdı. Ona görə, siyasi partiyalar cəmiyyətdə aparıcı funksiyaya malik idi.

İndi isə bütün dünyada fərqli tendensiya hakimdir. XXI əsrin gəncliyi siyasi partiya üzvü olmağa maraq göstərmir, fikirlərini azad şəkildə, özünün fərdi ifadəsi ilə cəmiyyətə çatdırmağa çalışır. Onları iqtisadi, təhsil, sosial, mədəni məsələlər daha çox maraqlandırır. Sanki İnternet dünyasında siyasi partiyalara yer yoxdur.

Nəticədə gənc üzvlərdən kasad qalan siyasi partiyalar ya qocalır, ya da dağılmağa məhkum olur.

Maraqlıdır, gənclərin siyasətə, siyasi təşkilatlara marağının azalmasının səbəbləri nələrdir? Doğrudanmı, bu günün gəncliyinə siyasət lazım deyil?

Gununsesi.org xəbər verir ki, bu barədə Modern.az-a danışan ReAl Partiyasının icra katibi Natiq Cəfərli gənclərin siyasətə marağının azaldığını deyil, fərqli formalarla sərgiləndiyini düşünür. O diqqətə çatdırıb ki, partiyaların nüfuzdan düşməsi məsələsi tək Azərbaycanda deyil, dünyada da əsas trenddir:

 

 

“Bu məsələdə dünya ilə Azərbaycan arasında oxşarlıqlar olsa da ciddi fərqlər də var. Partiya üzvlüyünə marağın azalmasının fəlsəfi səbəbi isə 21-ci əsrdə ideoloji doqmaların aktuallığını itirməsidir:

“XX əsrin ortalarından sonra dünyada daha çox qütbləşmə, ideoloji partiyaların formalaşması aktual idi. Sol, sağ, mərkəz, liberal, millətçi ideologiyalar əsasında partiyalar formalaşırdı. Bunların öz seçicisi, öz dili və üslubu var idi. XXI əsrdə isə artıq ideologiyalar doqma olmaqdan çıxıb və ağıllı hökumətin əlində ideologiyalar və ideoloji diskurs alətə çevrilib. Məsələn, həddindən artıq sağçı siyasi təşkilat sol ritorikaya da müraciət edir.

Artıq ümumbəşəri dəyərlər, ümumbəşəri davranış qaydaları formalaşıb. Məsələn, Avropa da indi ən trend mövzu ekologiyadır. İnsan haqları, demokratiya, seçki, məhkəmə, iqtisadi problemlərlə bağlı məsələlər artıq həll olunub”.

XXI əsrin gəncliyinin doqmalara, partiyalara, iyerarxiyaya, sərt rejimlərə uymayan sinif olduğunu xatırladan N. Cəfərli vurğulayıb ki, onlar internet nəslidir, daha çox hərəkat formasına maraq göstərirlər. Onun sözlərinə görə, bir çox Avropa ölkələrində də partiyaları hərəkatlar, müəyyən maraq qrupları, daha cəlbedici olan siyasi birləşmə formaları əvəz etməyə başlayır.