Patrik Hikkin tutulma anı - FOTO

  • By admin
  • 18 Avqust 2016 10:56

hikki

Avropa Olimpiya Komitəsinin (EOK) sədri, Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, İrlandiya Milli Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki tutduğu bütün postlardan müvəqqəti olaraq istefa verib.
Gununsesi.info ESPN-ə istinadən bildirirk i, 71 yaşlı Patrik Hikki Braziliyanın Rio-de-Janeyro şəhərində yarışlara biletlərin qanunsuz satışı ilə məşğul olub. Daha doğrusu, o, biletləri alverçilərə verir, onlar da həmin biletləri baha qiymətlərə satırdılar. Polislər Rioda 800 biletlə bir alverçini tutandan sonra Hikkinin izinə düşüblər.
Qaldığı otel nömrəsinin qapısı döyüləndə polisləri görən Hikki qaçmaq istəyib. O, həbs olunandan sonra özünü qəflətən pis hiss edib. Hikkiyə təcili tibbi yardım göstərilib.
Patrik Hikki ilə yanaşı, Britaniyanın THG şirkətini təmsil edən irlandiyalı Kevin Ceyms Mellon və onun tərcüməçisi Barbara Karnieri də tutulublar.
Mellonda Olimpiadanın ən populyar yarışlarına 800 bilet tapılıb.
Şahidlərin dediklərinə görə, onların bəziləri Olimpiadanın təntənəli açılış mərasiminə düşmək üçün Mellona və adamlarına hər bilet üçün 25 min Braziliya realı, yəni təqribən 8 min dollar ödəyiblər. Halbuki mərasimə ən bahalı bilet 1400 real (təqribən 450 dollar) idi.
Patrik Hikkinin qanunsuz bilet satışlarından 3,1 milyon dollar gəlir əldə etdiyi güman olunur.
O, Rio-de-Janeyronun Barra di Tijuka səmtindəki lüks oteldə qalırdı. Nömrənin qapısı döyüləndə Patrik Hikki çılpaq olub.
Polis detektivi Ronaldu Oliveyra deyib: “Patrik Hikkinin oteldə oğlu ilə ayrı-ayrı nömrələrdə qaldıqlarını müəyyənləşdirəndən sonra hadisə yerinə yollandıq. Qapını açanda lüt idi. Bizi gördü, “bir dəqiqə vaxt verin, əynimi geyinim” dedi və vanna otağına getdi. Daha sonra xalat geyindi, onu polis idarəsinə apardıq”.

Müşahidəçilərin fikrincə, bilet qalmaqalı sadəcə, nəticədir. Səbəb isə Patrik Hikkinin “cəzalandırılması” ilə bağlı siyasi sifarişdir.

 

Gununsesi.info