PKK terrorçuları ABŞ-ı satqınlıqda ittiham etdilər və Türkiyəni durdurmağa çağırdılar

  • By admin
  • 12 Oktyabr 2019 22:06

Suriyada Türkiyə ordusuna müqavimət göstərən PKK terrorçuları ABŞ-a müraciət ediblər.

Onlar rəsmi Vaşinqtondan Türkiyənin hərbi əməliyyatlarını durdurmağa və ya onlara Suriya ordusu, hətta Moskva ilə danışıqlar aparmağa icazə verməyə çağırıblar.

Terror təşkilatı rəsmi Dəməşqin bölgədəki sepratçı hərbi birləşmələrin döyüş bölgəsinə dislokasiyası üçün uçuşsuz zona ayrılmasını istəyir.

Gununsesi.org xəbər verir ki, bununla bağlı müvafiq bəyanat “Suriya demokratik gücləri” adlanan təşkilatın “generalı” Məzlum Kobani Abdi tərəfindən ABŞ-ın İŞİD terrorçu qruplaşması ilə beynəlxalq mübarizə üzrə xüsusi nümayəndəsi Uilyam Rubakla danışıqlar zamanı səsləndirilib.

“Kommersant” qəzetinin xəbərinə görə kürd komandir görüş zamanı ABŞ-a sərt şəkildə etiraz edib.

“Siz bizləri atdınız və çıxılmaz vəziyyətə qoydunuz. Bizi müdafiə etmək istəmirsiniz, lakin başqalarının da bizləri müdafiə etməsinə mane olursunuz. Siz bizi satdınız. Bu əxlaqsızlıqdır”, deyə Kobani Abdi söyləyib.

Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-dan başlayaraq Suriyanın şimalında PKK terror təşkilatına qarşı “Sülh qaynağı” adlı əməliyyata başlayıb.

Türkiyə Silahlı Qüvvələri bu gün bölgənin strateji nöqtələrindən biri sayılan Resulayn şəhərini artıq ələ keçirib.

 

 

Gununsesi.org