Prezident: “Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı gözlənilir”

  • By admin
  • 10 Yanvar 2018 23:54


Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir: “Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur – hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir”.

“Əminəm ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Bu da minlərlə iş yeri deməkdir. Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur”, deyə dövlət başçısı bildirib.

Gununsesi.info