Prezident həbsdən çıxarır, heç cür islah olunmayan məhkəmələr isə… - ƏLƏSGƏR MƏMMƏDLİ BAŞ REDAKTOR HAQQINDA HÖKMÜ ŞƏRH EDİR

  • By admin
  • 19 Mart 2019 18:38
Tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu Criminal.az saytının baş redaktoru Anar Məmmədovun məhkum edilməsi ilə bağlı məhkəmə qərarına münasibət bildirib.
Hüquqşünas hesab edir ki,  A.Məmmədovun 5 il 6 ay şərti cəza verilməsi ölkənin məhkəmə-hüquq sisteminin çöküşündən xəbər verir:
“Dünən Ağır Cinayətlər Məhkəməsində criminal.az saytının rəhbəri Anar Mammadovun və ondan bir müddət öncə də basainfo.com saytının rəhbəri Mustafa Hacıbəylinin Gəncə hadisələri və onun təsirlərinin təhlili ilə bağlı yazdıqları yazılara, informasiyalara və bu istiqamətdə digər agentliklərin yazı, təhlil və informasiyalarını paylaşdıqlarına görə “cinayət işlədikləri” ittihamı ilə 5 il 6 ay şərti cəza verilməsi ölkənin məhkəmə-hüquq sisteminin çöküşündən xəbər verir”.
“Bir təfədə əsassız ittihamlarla içəri doldurulan və siyasi məhbusa çevrilən insanların ölkənin imicinə verdiyi zərərə görə Prezident tərəfindən həbsdən çıxarılır, 2 gün sonra heç cür islah olmayan məhkəmə sistemi yeni siyasi məhbuslar və siyasi həbslər verməyə davam edir… Bu məhkəmə işləri və nəticəsi Azərbaycanda media azadlığına çox böyük ləkə və zərbədir”- deyə hüquqşünas qeyd edib.
Ə.Əhmədoğlunun sözlərinə görə, Azərbaycan 18 ildir Avropa Şurasının üzvüdür və Avropa İnsan Hüquqları Məhkəməsinin yuridiksiyasını qəbul edib. 2010-cü ildə Avropa Məhkəməsi təxminən eyni məzmunlu bir işdə Fətullayev Azərbaycana qarşı işində bu məsələyə münasibətini çox sərt bildirmiş və ölkədə belə bəhanələrlə jurnalistlərin cəzalandırılmasını Konvensiyanın 10-cu maddəsinin-ifadə azadlığının pozuntusu kimi qəbul etmişdir.
Son 9 ildə Avropa Şurası və Avropa Komissiyası milyonlarla avro vəsait sərf edib hakimlərimizi maarifləndirib, insan hüquqlarının üstünlüyünü dərk edib, mühakimə prosesində bu həssasiyyəti nəzərə alması üçün Strasburqa səfərlər təşkil edib, konfranslar keçirib. Gəlinən yer yenə də sıfır nöqtəsidir. Bir tərəfdən cəmiyyətdə dəyişim gözləntiləri, islahat ümidləri işarırkən, digər tərəfdə məhkəmə-hüquq sistemi bu gözləntiləri gömməkdədir. Məhkəmə-hüquq sisteminin islahatı qaçınılmazdır, başqa yolu yoxdur. Prezident 1 matrda verdiyi mesajı həyata keçirməsə bu məhkəmə-hüquq sistemi ilə yalnız geriyə addımlayacağıq.