Prezident İlham Əliyev: "Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının 40 faizini təşkil edir"

  • By admin
  • 15 Fevral 2018 23:15


“Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdəbiri və ya daha çox, hətta 40 faizini təşkil edir”.

Gununsesi.info “Azərtac”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin dördüncü toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir: “Biz enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmışıq, bununla da iqtisadiyyatımızın uzunmüddətli davamlı inkişafını təmin etmişik. Sözsüz ki, bizim əvvəlki illərdə Azərbaycanda həyata keçirdiyimiz layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə yaradıb. Bizim enerji strategiyamız müstəqilliyimizin bərpasından bir qədər sonra başlanıb və artıq 3 il sonra – 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzaladı və layihənin və investisiyaların həcmini nəzərə alaraq bu müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Ötən ilin fevralında Bakıda sonuncu görüşümüzdən sonra keçən dövr ərzində biz eyni yataqla bağlı “Əsrin müqaviləsi”nin uzadılmasına dair yeni müqavilə imzaladıq. Hazırda layihənin müddəti 2050-ci ilədək uzadılıb. Qarşıdakı onilliklər ərzində biz dünyanın ən böyük neft yataqlarından biri olan “Azəri-Çiraq-Günəşli”də sabit və davamlı inkişafdan faydalanacağıq. 1994-cü il faktiki olaraq bizim tariximizdə, Azərbaycanda və dünyada neftin inkişafı tarixində dönüş nöqtəsi oldu. Bu, həmçinin Azərbaycanı dünya ictimaiyyətinə təqdim etdi, iqtisadiyyatımıza, xüsusilə də ilkin mərhələdə neft və qaz sektoruna nəhəng investisiyaların qoyulması üçün qapı açdı və Azərbaycanın etibarlı tərəfdaş olduğunu və investorlar üçün maksimum dərəcədə əlverişli investisiya mühiti yaratmaq iqtidarında olduğunu nümayiş etdirdi. Mən sadəcə olaraq xatırlatmaq istərdim ki, bizim bütün əsas neft və qaz müqavilələrimiz parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun kimi imzalanır. Bu da investorların investisiyalarına maksimum təminat verir. İki il keçəndən sonra – 1996-cı ildə “Şahdəniz” qaz kondensatı layihəsi üzrə müqavilə imzalandı və hazırda “Şahdəniz” hələ ki, Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Bu da bizim tariximizdə mühüm hadisə oldu, çünki bu, bizə yenidən milyardlarla investisiya cəlb etməyə kömək etdi və Azərbaycan neft istehsal və ixrac edən ölkədən qaz istehsal və ixrac edən ölkəyə də çevrildi. Bu gün bu iki əsas enerji layihəsi regional əməkdaşlıqla bağlı məsələlərdə mühüm rol oynayır. Bu, regionları və qitələri birləşdirən əsas kəmər infrastrukturunun tikintisini stimullaşdırdı. Bu gün bu iki meqalayihə regionda və Avropada enerji təchizatını şaxələndirməyə kömək edir. Sonra dənizə çıxışı olmayan ölkə kimi beynəlxalq bazarlara çıxışımız olmadığından, biz kəmərlər tikməli olduq və bunun üçün bizim artıq regional əməkdaşlığa ehtiyacımız yarandı. Düşünürəm ki, bu da planlarımızı yaxşı nümayiş etdirdi. Beləliklə, Bakı ilə Gürcüstanın Supsa dəniz limanını birləşdirən ilk kəmər 1990-cı illərin sonunda açılaraq xam neft nəql edən kəmərlə Xəzər dənizi ilə Qara dəniz arasında ilk bağlantı yaratdı. Lakin bu, yetərli deyildi, çünki bizim neft ehtiyatlarımızın tam şəkildə işlənməsi üçün bu kəmərin tutumu kifayət etmirdi. Bu səbəbdən də əsas neft kəmərinin tikintisi planlaşdırıldı və 2006-cı ildə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla açılışı oldu. Hazırda Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycandan deyil, Xəzər dənizinin o biri tərəfində olan – Xəzərin şərq sahillərindəki yataqlardan neft nəql etməklə artıq Azərbaycanı tranzit ölkəyə, tranzitdə etibarlı tərəfdaşa çevirir”.

“Bu gün bizim artıq təkcə Azərbaycan, Gürcüstan, Türkiyə kimi üç ənənəvi müttəfiqi deyil, daha çox ölkəni əhatə edən güclü regional əməkdaşlıq formatımız var. Ötən görüşümüzdən sonra keçən dövr ərzində Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə olunub. Mən sizin və Azərbaycan xalqının diqqətinə bəzi rəqəmləri çatdıracağam. Çünki bu masa arxasında əyləşənlər bizim hansı mərhələdə olduğumuzu yaxşı bilirlər. Lakin mən demək istərdim ki, son bir ildə layihənin icrası çox uğurlu olub. Biz Cənub Qaz Dəhlizinin 4 elementinin hamısı ilə bağlı yaxşı irəliləyişə nail olmuşuq. “Şahdəniz-2” yatağı üzrə işlərin 99 faizdən çoxunu tamamlamışıq. Müqayisə üçün, bir il əvvəl bu rəqəm 90 faiz olub. Cənubi Qafqaz Boru Kəməri ilə bağlı işlərin təxminən 95 faizi tamamlanıb, bir il əvvəl bu rəqəm 90 faiz olub. TANAP-ın icrası 95 faizə yaxınlaşır, bir il əvvəl bu, 70 faizə yaxın olub. TAP-ın icrası bir il əvvəlki 34 faizlə müqayisədə 70 faizə yaxın, ola bilsin ki, 66-67 faiz tamamlanıb. Beləliklə, bu, həqiqətən də çox mühüm inkişafdır. Bu, onu göstərir ki, 2017-ci il bəlkə də layihənin icrasında həlledici il olub və hazırda biz yekunlaşmağa çox yaxınıq. Mən, həmçinin bildirmək istərdim ki, 20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlıq həqiqətən də regionumuzda və Avropada enerji sahəsində inkişafda mühüm rol oynayıb. Çünki bu regional əməkdaşlıq təkcə nəhəng, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinə yol açmayıb, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı və çox səmimi əməkdaşlıq yaradıb. Eyni zamanda bu, bizə diqqəti digər nəqliyyat layihələrinə cəmləşdirməyə imkan verib. 2017-ci ilin fevralında sonuncu görüşümüzdən sonra keçən dövrdə regionda başqa mühüm bir hadisə baş verdi. Ötən il oktyabrın sonunda Bakıda biz təkcə üç ölkə arasında deyil, həm də Asiya və Avropa arasında yeni dəmir yolu əlaqəsi olan yeni layihənin – Bakı-Tbilisi-Qarsın açılışını etdik. Bu, artıq Asiyadan Avropaya ən qısa yoldur, yüklərin daşınmasına sərf olunan zamanı iki dəfədən çox azaldır və artıq şirkətlərə xidmətlər göstərir. Əminəm ki, onlar bu layihəni ciddi şəkildə əsas prioritetlərindən biri hesab edəcəklər. Bu gün artıq yüklərin artması onu göstərir ki, Bakı-Tbilisi-Qars yeni İpək Yolu layihəsinin çox mühüm elementi olacaq. Sözsüz ki, burada, Qafqazda, Gürcüstan, Türkiyə və Azərbaycan arasında güclü regional əməkdaşlıq olmasaydı, neft-qaz layihələri həyata keçirilməsəydi, Bakı-Tbilisi-Qars bəlkə də reallıq üçün deyil, sadəcə tarix üçün bir layihə olacaqdı. Bu, bizim əldə etdiyimiz real nəticədir. Bu gün biz artıq geniş komanda ilə bu masa arxasında əyləşərkən görürük ki, Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr arasında eyni əməkdaşlığı yarada bilərik. Bu, artıq baş verir və tərəfdaş ölkələrdən yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı həqiqətən də bunu nümayiş etdirir. Hələ ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Lakin düşünürəm və əminəm ki, gələcəkdə biz Azərbaycanda əlavə həcmdə resurslara malik olacağıq. Çünki bu gün biz beynəlxalq tərəfdaşlarımızla fəal şəkildə yeni layihələr, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyirik. Xüsusilə tezliklə, ola bilsin ki, bir neçə ilə, bəlkə də bundan az müddətdə hasilata başlanacaq “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı Azərbaycan xarici şirkətlərlə fəal danışıqlar aparır. Tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyimiz başqa bir yataq “Qarabağ” adlanır. Həmçinin böyük qaz potensialı olan iki yataq – “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur – 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən xeyli çox olur. Məsələn, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 500 milyon tondan bir qədər çox qiymətləndirilirdi. Təvazökarlıqla desək, hazırda bu rəqəm iki dəfə çox – 1 milyard tona yaxındır. Düşünürəm və ümid edirəm ki, qaz yataqlarında da eyni mənzərənin şahidi olacağıq. Ona görə də Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdəbiri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır”, – Prezident İlham Əliyev qeyd edib.

Gununsesi.info