“Prezident İlham Əliyev gənclərə böyük etimad göstərir” - NAQİF HƏMZƏYEV

  • By admin
  • 02 Noyabr 2019 09:40
Millət vəkili: “Gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illər baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib”
“Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemi daim təkmilləşdirilr, bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılır. Bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Təqdirəlayiq haldır ki, son dövrlər dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər korpusda yüksək etimad göstərilir”.
Gununsesi.org xəbər verir ki, bu barədə “Kaspi” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib.
O, oktyabrın 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Anar Tağıyevin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmasına xüsusi diqqət çəkib. Deputat qeyd edib ki, bu təyinat dövlət rəhbərliyinin ölkədə müxtəlif sferaların inkişafında gənclərə böyük etimad göstərməsinin daha bir təzahürüdür: “38-39 yaşlı gənc icra başçıları ilə görüş zamanı Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr birbaşa əhalinin mənafeyinə, vətəndaşların problemlərinin aradan qaldırılmasına xidmət edir. Dövlət başçısı xüsusilə vurğuladı ki, korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycanda şəffaflıq, dürüstlük dövlət məmuru üçün həyat tərzi olmalıdır. Azərbaycanda gəncləşmə siyasətinin aparılmasına toxunan ölkə başçısı bildirib ki, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Ancaq bu, kampaniya xarakteri almamalıdır. Onun sözlərinə görə, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Bu fikirlər Prezidentin həmin qüvvələrə açıq xəbərdarlığı olmaqla bərabər, islahatların davamlı hal alacağına dair mesaj idi. Eyni zamanda bu bir daha onu göstərir ki, Prezident İlham Əliyev ölkədə baş verən hər bir şeydən xəbərdardır”.
Millət vəkili N.Həmzəyev deyib ki, gənclərin indiki mərhələdə rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illər baza formalaşdırılıb, uğurlu siyasət həyata keçirilib: “Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi ənənəsi hər zaman mövcud olub. Ümumilikdə gənclərin rəhbər işlərdə irəli çəkilməsi bir sıra digər aspektlərdən də təqdirəlayiqdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunan Elnur Rzayevi yaxşı tanıyıram, yaxın dostumdur. O, həm də YAP Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvüdür. Elnur Rzayev yeniliklərə can atan, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verən kadrlardandandır. Əminəm ki, hər iki icra başçısı ölkə Prezidenti İlham Əliyevin onlara göstərdiyi inam və etimadı layiqincə yerinə yetirəcəklər”.
Gununsesi.org