Prezident İndoneziyaya dəvət olunub

  • By admin
  • 09 Sentyabr 2016 15:20

indaneziya

Prezident İlham Əliyev İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gununsesi.info Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə həmişə dəstək vermələrinin önəmini qeyd edən Prezident İlham Əliyev iqtisadi, enerji, turizm və digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Azərbaycan ilə İndoneziya arasında ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını təəssüflə qeyd edən dövlətimizin başçısı birgə səylər nəticəsində bu sahədə də irəliləyişlərə nail olmağın mümkünlüyünüdeyib. İndoneziyanın turizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Azərbaycan Prezidenti turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün ölkələrimiz arasında viza rejiminin sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının məqsədəuyğun olduğunu deyib. Dövlətimizin başçısı daha çox indoneziyalının Azərbaycanla tanış olmalarında ölkəmizin maraqlı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev İndoneziya Respublikasının Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlətimizin başçısına çatdırıb. Oesman Sapta Odanq 10 partiyanı təmsil edən böyük bir nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayıb. O, Azərbaycan Prezidentinin İndoneziyaya səfərinin ölkəsində böyük səbirsizliklə gözlənildiyini deyib və İndoneziya Prezidentinin rəsmi dəvətini Prezident İlham Əliyevə çatdırıb.

Dövlətimizin başçısı İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş edib.

 

Gununsesi.info