Problemli kreditlərə görə güzəşt təklif edilər bilər - VÜQAR BAYRAMOV ŞƏRH EDİR

  • By admin
  • 22 Noyabr 2018 11:29

Gürcüstan hökumətinin əhalinin aztəminatlı hissəsinin kreditlərini silməsi barədə qərarından sonra Azərbaycanda da bu yöndə müzakirələr yenidən başlanıb.

Təkliflərə görə, problemli kreditlərə müəyyən güzəştlər olarsa vətəndaşlar onları ödəyə bilər.

Gununsesi.org iqtisadçı ekspert Vüqar Bayramovun bununla bağlı suallara cavabını təqdim edir:

 

– Kreditlərə güzəştin tətbiq edilməsi mümkündürmü? Əgər mümkündürsə, bu, hansı formada ola bilər?

– Gürcüstan hökumətinin problemli kreditlərin bağışlaması qərarından sonra belə bir addımın Azərbaycanda tətbiqi imkanları xüsusi ilə müzakirə edilir. MDB-də ipoteka keditlərinə güzəşt tətbiq edən Qırğızıstanla yanaşı, Rusiya da problemli kreditlərin həllində daha yaxşı təcrübəyə malik olan ölkələrdən hesab edilir. Belə ki, Orta Asiya ölkəsində bağışlanan məbləğ az olsa da, şimal qonşumuz kifayət qədər böyük məbləğdə kredit faizlərini silmişdi. Xarici valyutalarda olan kreditlərə güzəştin tətbiqinin tərəfdarı kimi mən hələ 2015-ci ilin aprelində “üçtərəfli güzəşt mexanizmi” ilə bağlı təkliflərimi hökumətə təqdim etmişdim.

– Xarici valyutada olan kreditlərə güzəşt necə tətbiq oluna bilər?

– 2015-ci ilin apreli ilə müqayisədə bu kreditlərin əsas məbləğlərinin həcminin azaldığını nəzərə alsaq, fərqin bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi daha məqsədəuyğun olardı. Yəni 2015-ci ildə üçtərəfli güzəşt mexanizmi aktual idisə, indi ikitərəfli yanaşma daha uyğundur. Çünki əvvəl təklif olunan güzəşt mexanizminin əsas iştirakçısı olan vətəndaşların müəyyən hissəsi artıq ödənişlər ediblər. Məsələn, 1 dollar 0.78 manat məzənnəsi ilə 30 faizlə 10 000 min dollar kredit götürən vətəndaşın ilkin öhdəliyi 10 140 manat idisə, devalvasiyalardan sonra bu rəqəm 22 100 manatadək yüksəlib. Təklif olunan mexanizm tətbiq edilən zaman Mərkəzi Bank sözügedən kredit üzrə 11 960 manatı qarşılayır, kredit borcu olan isə 10 140 manat öhdəliyini yerinə yetirir.

– Manatla kredit götürülən kreditlərə güzəştin tətbiq edilməsinə ehtiyac varmı?

– Fərqli formada olsa da, milli valyutada olan kreditlərə də güzəşt tətbiq edilə bilər. Belə ki, devalvasiya kredit öhdəliyi olan vətəndaşın xərclərini artırıb. Nəticədə manatla kreditin qaytarılması üçün ailə büdcəsindən ayrılan məbləğin həcmi azalıb. Digər tərəfdən, bu kreditlər üzrə faizlər yüksək olduğundan həmin kreditlərin qaytarılması müəyyən çətinliklər yaradır. Məsələn, 30 faizlə 10 000 min manat kredit götürən vətəndaş əsas məbləği qaytarır, faiz isə (təxminən 3 min manat) bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilir.

– Xarici valyutada kredit götürüb və artıq öhdəliyini tamamlayan vətəndaşlar üçün bu halda hansı güzəştlər tətbiq edilə bilər?

– Devalvasiyadan 3 ildən çox zaman keçdiyi üçün bu müddətdə borc öhdəliklərini artıq yerinə yetirmiş vətəndaşlarımıza digər stimullaşdırıcı tədbirlər tətbiq edilər bilər. Məsələn, onlar yenidən kreditə müraciət edən zaman daha aşağı faizli borc əldə etmək hüququ qazana bilərlər. Sözügedən vətəndaşlar üçün təşviq mexanizmlərinin işlənib hazırlanması mümkündür.

– Güzəştin tətbiq olunması üçün maliyyə imkanlarımız varmı?

– Kompensasiyasının təklif olunması üçün ölkəmizin maliyyə imkanları var. Bu, birdəfəlik ödənişdir və bu baxımdan da hökumət üçün gələcək öhdəlik yaratmır. Mərkəzi Bankın məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 748 milyon manatdır. Bu isə o deməkdir ki, hətta qeydiyyata düşməyən problemli kreditlərin də məbləğini nəzərə alsaq, öncə təklif edilən istiqamətlər üzrə güzəştlərin məbləği təxminən 1 milyard manat olacaq. Mərkəzi Bankla yüksək faizli kreditlərdən faydalanan bankların bu məbləği qarşılamaq imkanı var.

– Güzəştlərin tətbiqi devalvasiyalardan sonra kredit götürən vətəndaşlarda borcu qaytarmaqla bağlı arxayınlıq yarada və bu da gələcəkdə növbəti problemlərə səbəb ola bilərmi?

– Problemli kreditlərin həlli üçün 2008-ci ildən sonra 441 milyard dollara yaxın vəsait xərcləyən ABŞ təcrübəsi daxil olmaqla, digər tərəflərin praktikası göstərir ki, güzəştlərin tətbiqi digər çətinliklər yaratmır.