Problemli kreditlərlə bağlı hamını maraqlandıran sualların cavabı

  • By admin
  • 20 Mart 2019 18:35

Maliyyə Bazarlarına Nəzarət Palatası ölkə prezidentinin fevralın 28-də imzaladığı fərmanla bağlı ən çox sual doğuran məqamlara aydınlıq gətirib.

Prezident İlham Əliyevin fiziki şəxslərin vaxtı keçmiş kredit problemlərinin həllinə dair fərman imzalamasından 3 həftə keçir. Xatırladaq ki, fərmanda xarici valyutada olan kreditlərin məzənnə fərqindən artan hissəsi, həmçinin hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq olunacaq güzəşt mexanizmin hazırlanması barədə tapşırıq yer alıb. Bu işi martın 15-dək Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə həyata keçirməli, müvafiq mexanizmi təsdiq etməli idi.

Bundan əlavə, banklar Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən etməlidilər. Banklar isə problemli borcların restrukturizasiyası istiqamətində də addımlar atmalıdı.

Prezident həmçinin banklara problemli kreditlərlə bağlı məhkəmələrdəki iddialarını geri çəkməyi tövsiyə edib.

Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin mətbuata verdiyi məlumata görə, martın sonlarına qədər məhkəmədə olan işlərin geri çağırılması tamamlanmalıdır: “On min dollara (17 min manata) qədər borcu olanların xarici ölkələrə çıxışını məhdudlaşdıran qadağaların da götürülməsi gözlənilir. Hər bir vətəndaşa veriləcək kompensasiyanın məbləği 45 gün müddətində, yəni aprelin ortalarınadək məlum olacaq. Vətəndaşlara kompensasiyalar isə 3 ay müddətinə, yəni bu ilin may ayının 28-dək ödənilməlidir. Artıq banklar kompensasiya ala biləcək vətəndaşların siyahısını hazırlayıb Maliyyə Bazarlarına Nəzarət Palatasına göndəriblər. Məsələ nə qədər mürəkkəb, irihəcmli, zaman nə qədər qısa olsa da hesab edirik ki, prezidentin çox ciddi əhəmiyyət kəsb edən bu sosial təşəbbüsü aidiyyəti orqanlar tərəfindən fərmanda göstərilən müddətlərdə mütləq öz həllini tapmalıdır”.

Əldə etdiyimiz məlumata görə, artıq xarici valyutada olan kreditlərin məzənnə fərqindən artan hissəsi, həmçinin hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq olunacaq güzəşt mexanizmi də hazırdır. Mexanizmi əks etdirən qaydaların Novruz bayramından sonra prezident tərəfindən təsdiqlənəcəyi və ictimaiyyətə açıqlanacağı gözlənilir.

Bu arada Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı ölkə prezidentinin bu il fevralın 28-də imzaladığı fərmanla bağlı vətəndaşlarda ən çox sual doğuran məqamlara aydınlıq gətirib.

Картинки по запросу Maliyyə Bazarlarına Nəzarət Palatası

“Yeni Müsavat” həmin suallar və cavabların bir qismini təqdim edir:

– Fərmana əsasən kompensasiya ödənişi hansı növ kreditlərə şamil olunur?

– Fərmana əsasən kompensasiya ödənişi fiziki şəxslərin xarici valyutada olan əsas kredit borclarının qalıq məbləğlərinin cəmi devalvasiya baş verən tarixlərə (2015-ci il fevralın 21-i və (və ya) dekabrın 21-i) 10 000 ABŞ dollarından çox olmayan bütün növ (istehlak, biznes) təminatlı və təminatsız kreditlərinə şamil edilir.

– Əgər fiziki şəxs 2015-ci il fevralın 21-i tarixindən öncə 10 000 ABŞ dolları məbləğindən artıq kredit götürmüşdürsə, bu fərman onlara şamil olunurmu?

– Əgər fiziki şəxsin 2015-ci il 21 fevral tarixindən öncə 10 000 dolları məbləğindən artıq götürdüyü kreditin əsas borc üzrə qalıq məbləği 2015-ci il 21 fevral və (və ya) 2015-ci il 21 dekabr tarixinə 10 000 ABŞ dollarından çox deyilsə, bu halda fərman həmin şəxslərə şamil edilir.

– Fiziki şəxs 21 fevral 2015-ci il tarixinə 10 000 dollar həcmində əsas borc üzrə qalığı olan kreditinin bir hissəsini (misal üçün: 2000 ABŞ dollarını) 2015-ci il 22 fevral – 21 dekabr tarixləri aralığında, qalan hissəsini isə (misal üçün: 8000 ABŞ dollarını) 2015-ci il 21 dekabr tarixindən sonra ödəmişdirsə, bu halda ona kompensasiya necə hesablanacaqdır?

– Bu halda kompensasiya 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə əsas kredit borcu üzrə qalıq məbləğlərə münasibətdə ayrılıqda hesablanacaq. Yəni 2015-ci il 21 fevral tarixinə əsas kredit borcu üzrə qalıq məbləği 10 000 ABŞ dolları təşkil etdiyi üçün 2500 manat, 2015-ci il tarixinə 21 dekabra isə əsas kredit borcu üzrə qalıq məbləği 8000 ABŞ dolları təşkil etdiyi üçün 4800 manat məbləğində, cəmi 7300 manat məbləğində kompensasiya ödəniləcəkdir. Fiziki şəxslərin əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsini https://pk.fimsa.az/az/calculator ttps://pk.fimsa.az/az/calculator linkinə daxil olmaqla hesablamaq mümkündür.

– Fiziki şəxs devalvasiyalardan öncə götürdüyü 10 000 ABŞ dolları krediti üzrə ödənişlər etsə də, krediti tam bağlaya bilməmişdir. Bu halda, ona kompensasiya ödəniləcəkmi?

– Bəli, kompensasiya devalvasiyadan öncə götürülmüş, lakin devalvasiyadan sonra bağlanmış və ya hələ də ödənişi tam başa çatmamış bütün kreditlər üzrə verilir.

– Fiziki şəxsin ödəmə müddəti keçmiş kredit borcu olduqda, ona kompensasiya – ödəniləcəkmi?

– Bəli. Lakin bu zaman kompensasiya, ilk növbədə, fiziki şəxsin fəaliyyətdə olan və (və ya) lisenziyası ləğv edilmiş bütün banklar və bank olmayan kredit təşkilatları üzrə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, artıq qalan məbləğ isə həmin fiziki şəxsə təqdim ediləcəkdir.

– 2015-ci il 22 fevral – 2015-ci il 21 dekabr tarixləri aralığında əsas borcunun həcmi 10 000 ABŞ dolları məbləğinədək olan kredit müqaviləsi imzalamış və həmin aralıqda müvafiq kredit borcunu ödəmiş fiziki şəxs üçün hər hansı güzəştlər nəzərdə tutulurmu?

– Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. Müvafiq tarix aralığında devalvasiya baş vermədiyindən, fiziki şəxs onun iradəsindən asılı olmayaraq heç bir maliyyə itkisi ilə üzləşmədiyindən ona bu məqsədlə kompensasiya ödənilməsi nəzərdə tutulmur.

– 2015-ci il 21 dekabr tarixindən sonra 10 000 ABŞ dollarınadək kredit götürmüş şəxslərə fərmanla hər hansı güzəşt nəzərdə tutulurmu?

– Kompensasiya devalvasiya nəticəsində fiziki şəxsin iradəsindən asılı olmayaraq onun üzləşdiyi maliyyə itkisinin dövlət tərəfindən qarşılanması məqsədilə verilir. 2015-ci il 21 dekabr tarixindən sonra ölkədə devalvasiya baş vermədiyindən fiziki şəxs bu səbəbdən hər hansı maliyyə itkisi ilə üzləşməmişdir. Bununla əlaqədar olaraq, bu məqsədlə fiziki şəxslərə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır.

Bununla belə, həmin fiziki şəxsin 2019-cu il martın 1-i tarixinə kredit borcu üzrə gecikmə müddəti 360 gündən çoxdursa, banklar tərəfindən həmin şəxslərə əsas kredit borclarının restrukturizasiya olunması, bu kreditin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən güzəştli kreditlə əvəzlənməsi təklif olunacaqdır. Həmçinin bu zaman həmin kreditlərə hesablanmış faizlərin və dəbbə pullarının (cərimə, penya) silinməsi nəzərdə tutulur.

– Devalvasiya baş vermiş tarixlərdən sonra dollar krediti restrukturizasiya olunaraq manat kreditinə çevrilmiş fiziki şəxslərə fərmana əsasən kompensasiya ödəniləcəkmi?

– Fiziki şəxsin 2015-ci il 21 fevral və (və ya) 21 dekabr tarixlərinə xarici valyutada əsas kredit üzrə qalıq borcu 10 000 ABŞ dollarından çox olmadıqda, onlara müvafiq kompensasiyalar ödəniləcəkdir.

– Hansı kredit borclarının restrukturizasiya olunacağı nəzərdə tutulur?

– Borcun xarici valyuta və ya manatla alınmasından asılı olmayaraq, 2012-ci il yanvar 1-dən 2019-cu il martın 1-dək bağlanmış kredit müqavilələri üzrə ödənişi 360 gündən çox gecikdirilmiş kreditlərin restrukturizasiyası nəzərdə tutulmuşdur.

– Fərmanın qüvvəyə mindiyi tarixə işi məhkəmələrdə olan və ya icra sənədi üzrə icraata daxil olan fiziki şəxslərin kredit borcları üzrə problem necə həll olunacaq?

– 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək fiziki şəxslərin bütün valyutalarda bağlanmış kredit müqavilələri üzrə 2019-cu il mart 1-i tarixinə əsas kredit borcu 10 000 ABŞ dolları və ya 17 000 manatdan çox olmayan və 360 gündən çox gecikməsi olan kreditləri üzrə məhkəmədə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə qanunvericiliyə uyğun tədbirlər görülməsi nəzərdə tutulur.

– Güzəştlərin əldə edilməsi üçün fiziki şəxslər hansı addımları atmalıdır? Fiziki şəxslər banklara müraciət etməlidirlərmi?

– Fiziki şəxslərin banklara müraciət etməsinə zərurət yoxdur. Hazırda güzəştlərdən faydalanacaq müştərilərin siyahısı hazırlanır. Banklar bu siyahılar üzrə öz müştərilərinə müraciət edəcəkdir. Eyni zamanda hər bir fiziki şəxs kompensasiya ödənişləri ilə bağlı yaradılacaq reyestrdə öz adının olub-olmamasını yoxlaya biləcək.