Problemli kreditlərlə bağlı vəziyyət daha da çətinləşir

  • By admin
  • 22 May 2016 15:39

qub

“İqtisadi göstəricilər həyacan, hökümət isə bayram təbili çalır”
Azərbaycan iqtisadiyyatı bu ildən başlayaraq ciddi tənəzzülə qədəm qoyub. Ilk iki ayda Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə bütövlükdə 3,2 faiz, o cümlədən qeyri-neft ÜDM-i 5,5 faiz aşağı düşüb. Bu dövr ərzində tikinti quraşdırma işləri əvvəlki illə müqayisədə 33,4 faiz, nəqliyyatda yük daşıması 5,3 faiz azalıb.İlin ilk ayında dövlət büdcəsinin nəzərdə tutulan gəlirlərinin hər 5 manatından 4-ü toplanıb, planlaşdırılan xərclərin isə hər 5 manatından 2-si icra olunub.
Bu ilin ilk ayında xarici ticarət dövriyyəsinin həcmi ötən ilki səviyyəsinin dördə üçünü təşkil edib. Qeyri-neft ixracatı isə həmin dövrlə müqayisədə demək olar ki, yarıbayarı azalıb. Qərarlaşmış tendensiyalar arasında ən çox narahatlıq doğuranı dərin tənəzzül meyllərinin qeyri-neft bölməsinin istehsalında və ixracatında müşahidə olunmasıdır.
Dövr ərzində istehlak qiymətləri indeksi 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının 15,7 faiz artıb. Bunun qarşılığında isə əhalinin gəlirləri 10 faiz artıb. Artıq hətta ümumi inflyasiya səviyyəsi əhalinin hətta nominal gəlirlərinin artımını belə qabaqlamağa başlayıb.
Bu müddət ərzində xidmətlər və pərakəndə ticarət dövriyyəsində qeydə alınan artımı da qiymətlərin bahalaşması şərtləndirib.
İlk 2 ayda kredit qoyuluşlarının 14 faiz artması müqabilində problemli kreditlərin artım sürəti onu 2 dəfə üstələyərək, 27,5 faiz olub.
Göründüyü kimi, ilin ilk iki ayının müxtəlif nəticələrində qərarlaşmış mənfi tendensiyalar milli iqtisadiyytatımızın cağdaş durumunun acınacaqlı vəziyyətdə olduğunu təsdiq edir. Təqdim olunan rəsmi göstəricilər iqtisadiyyatdakı böhranın artıq şaxələndiyini, daha çox qeyri-neft istehsal bölməsinə, kapital, investiiya və maliyyə bazarlarına siyarət etdiyini, əhalinin sosial vəziyyətini pisləşdirdiyini göstərir. Bu ilin start göstəricilərinin mənfi yöndə formalaşması Azərbaycan hökümətindən təxirəsalınmaz tədbirlər tələb edir. Hökümət isə həmişəki kimi gecikir, hələ də cari il üçün nə böhran qabaqlayıcı proqrama və nə də böhran dövründə tədbirlər planına malik deyil, son zamanlar atılan ayrı-ayrı addımlar isə kompleks proqramın və sistemli yanaşmanın tərkib hissəsi olmadığına görə ciddi effekt vermir. Tənəzzül isə artıq 3-cü aydır ki, başlayıb.

Qubad İbadoğlu