Putinə ad günündə Kiyevdə “məhkəmə” qurdular

Putinə ad günündə Kiyevdə “məhkəmə” qurdular

Kiyevdə oktyabrın 7-də, prezident Vladimir Putinin ad günündə Rusiya səfirliyinin binası qarşısında “Putinin məhkəməsi” adlı performans nümayiş etdirilib.

AzadlıqRadiosunun rus xidməti yazır ki, aksiya iştirakçılarından biri əyninə məhbus paltarı geyinib və yaxasından “hərbi cani” yazılmış lövhə asıb.

Aksiyanın əyninə hakim əbası geyinmiş başqa bir iştirakçısı Putinin rolunu oynayan şəxsə onun Ukrayna, Gürcüstan və Çeçenistanda törətdiyi iddia edilən cinayətlər barədə ittihamnamə oxuyub.

Öz aksiyalarını “Haaqa məhkəməsinin improvizəsi” adlandıran fəallar tədbirə Ukraynanın, Krım tatarlarının, Gürcüstanın, Baltika ölkələrinin bayraqlarını gətirib.

Səfirlik binasının yanında keçirilən aksiyaya bu yaxınlarda keçirilmiş əsir dəyiş-düyüşündə azad edilmiş Vladimir Balux və Artur Panov da gəlib.

Oktyabrın 7-də Vladimir Putinin 67 yaşı tamam olub. Onun mətbuat katibi Dmitri Peskov deyib ki, “bu gün səhərdən ona dünya liderlərindən təbriklər gəlir”.

Putini MDB üzvü olan ölkələrin əksər liderləri, habelə İsrail və Serbiya başçıları təbrik ediblər. Onların arasında Ukrayna prezidentinin adı çəkilmir.

Ad günü ərəfəsində, ötən həftə sonu Vladimir Putin Sibirdə istirahət edirdi.

RIA Novosti agentliyinin nümayiş etdirdiyi videoda Putinin dağların yamacında göbələk topladığı görünür.

Onu bu səfər zamanı ölkənin müdafiə naziri Sergey Şoyqu müşayiət edirdi.

Gununsesi.org

COMMENTS