“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsində səpələnmişlər səbətində yer alacaq

  • By admin
  • 19 May 2019 19:28

Azərbaycanı avrokubokların 2019/20 mövsümündəki təmsilçilərinin tam siyahısı dəqiqləşib.

Gununsesi-nin məlumatına görə, sonuncu – dördüncü vəsiqə Azərbaycan kubokunun bu gün keçirilən final oyununda sahibini tapıb.

“Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edən “Qəbələ” Avropa Liqasında oynamaq hüququ qazanıb. Təmsilçimiz turnirə II təsnifat mərhələsindən başlayacaq.

Artıq “Qəbələ”nin iyunun 18-19-da keçiriləcək püşkatma mərasimində hansı səbətdə yer alacağı da bəllidir. UEFA reytinqində əmsalı 6,250-ə bərabər olan “qırmızı-qaralar” səpələnmişlər səbətində yer alacaq.

Püşkatmada ilk iki təsnifat mərhələsinin püşkü atılacaq. Avropa Liqasının I təsnifat mərhələsinin səpələnmişlər səbətində qərarlaşacaq “Neftçi” və “Səbail”in yer aldıqları cütlüklər 2-ci raundda səpələnməmişlərdən olacaq.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” ilk iki təsnifat mərhələsində səpələnmişlər sırasında yer alacaq.