Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi – FOTOLAR

  • By admin
  • 18 Noyabr 2019 10:24
“Aşıq Şəmşir” Mədəniyyət Ocağında tanınmış şair, yazıçı-publisist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirilib.
Tədbirdə ölkə ziyalıları, jurnalistlər, Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.​
Mərasimi giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı tədbirin Qənbər Şəmşiroğlunun doğum gününə təsadüf etdiyini bildirib və onu bu münasibətlə təbrik edib. Professor Məhərrəm Qasımlı şair, nasir, publisist kimi Qənbər Şəmşiroğlunun həyat və yaradıcılığından geniş şəkildə söz açıb. Bildirib ki, Qənbər Şəmşiroğlu hansı janrda yazırsa yazsın həmişə öz əsərləri ilə oxucularına vətənpərvərlik, yurdsevərlik hissləri aşılayıb. Natiq qeyd edib ki, Qənbər Şəmşiroğlu Azərbaycan xalqının yetişdirdiyi millətinə, Vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, dövlətçiliyin keşiyində dayanan, təkcə ailəsi üçün deyil, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalımızdır, eyni zamanda Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı, yadigarıdır.
​Daha sonra çıxış edənlər – Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü Kamran Əliyev, profesorlar Qəzənfər Paşayev, Şahlar Əsgərov, Şirindil Alışanlı, Milli Məclisin deputatı Jalə Əliyeva, şair Adil Cəmil və başqaları Qənbər Şəmşiroğlunun yaradıcılığından bəhs ediblər, onu çağdaş ədəbiyyatımızda həm poeziya, həm nəsr sahəsində nüfuzlu qələm sahibi kimi dəyərləndiriblər. Natiqlər qeyd ediblər ki, Qənbər Şəmşiroğlu eyni zamanda publisistika ilə də ciddi şəkildə məşğuldur və müasir publisistikamızın ən maraqlı, ən oxunaqlı örnəklərini yaradanlardan biridir. Qənbər Şəmşiroğlunun yeni kitablarındakı məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən söz açan natiqlər eyni zamanda onun ictimai fəaliyyətindəndə bəhs ediblər.
Qeyd olunub ki, Qənbər Şəmşiroğlu bu gün “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur.
Mərasimdə “Aşıq Şəmşir” Mədəniyyət ocağının gənç üzvlərinin ifasında Qənbər Şəmşiroğlunun şeirlərindən nümunələr də səsləndirlib.
​Sonda çıxış edən Qənbər Şəmşiroğlu mərasim iştirakçılarına öz təşəkkürünü bildirib, eyni zamanda onlara ağsaqqal tövsiyələrini çatdırıb.