“Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin…”

  • By admin
  • 16 İyul 2019 19:47

 

Görünür, iki qonşu dövlət arasındakı dostluq kimlərisə narahat edir və bu ölkələri, xalqları qarşı-qarşıya qoymağa çalışan qüvvələr var.
Etikxeber.az xəbər verir ki, bunu “Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə.Həsənov deyib ki iyulun 14-də “Keşikçi qala” sərhəd məntəqəsində bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycanın sərhəd növbətçi dəstəsinə qarşı insident törədilib. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində insident aradan qaldırılıb və ərazidə təhlükəsizlik təmin edilib:
“Qeyd etməliyik ki, ümumiyyətlə, son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurmaya bilməz. Artıq hər iki tərəfin ekspertləri səviyyəsində müzakirələrdə belə fikirlər səslənir ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var.
Müzakirələrdə bu qüvvələrin kimliyi barədə də müəyyən fikirlər səsləndirilir.
Şübhəsiz, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır və ona görə də, hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı ciddi ölçü götürülməliydilər. Artıq Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.
Əlbəttə, biz əminik ki, Azərbaycan və gürcü xalqları bundan sonra da belə məqamlarda təmkinlə, müdrikcəsinə davranaraq, emosiyalara meydan verməyəcək, müvafiq rəsmi instansiyalar isə prinsipial şəkildə bu hadisələrin törədilməsində, iki dost ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələri, şəxsləri aşkarlayaraq cəzalandırılmasını təmin edəcəklər. Qaranlıq dairələrin dövlətlərarası münasibətlər müstəvisində söz sahibinə çevrilməsinə imkan vermək olmaz və belə cəhdlərə birdəfəlik son qoyulmalıdır”.
Prezidentin köməkçisi əlavə edib ki, bununla yanaşı, təəssüflə qeyd edilməlidir ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir. Həmçinin, istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar:
HASANOV ALİ-ALİ
“Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar. Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda, məhz belə halları nəzərdə tuturuq.
Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin diplomatik münasibətləri pozmaq, silaha sarılmaq kimi təxribatçı bəyanatları artıq xeyli vaxtdır ki, eşidilməkdədir. Məqsəd, əlbəttə ki, Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycan və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Bunun üçün, onlar bir tərəfdən Gürcüstanda daxili siyasi çəkişmələri qızışdırmağa, o bir tərəfdən Azərbaycanda daxili radikal qrupların bu ölkədəki proseslərlə bağlı təxribatçı çağırışlarını təşkil etməklə iki dost ölkə arasında mili-vətəndaş ehtiraslarını qızışdırmaq və bu fonda qarşıdurma yaratmağa can atırlar.
Lakin onlara 2015-cı ildə Türkiyə ilə Rusiya arasında az qala qarşıdurmaya səbəb olmuş təyyarə insidentini xatırlatmaqla böyük diplomatik qalmaqaldan tərəflərin necə müdrikcəsinə çıxması nümunəsini xatırlatmaq istərdik. Həmin dövrdə də hər iki tərəfdə münasibətləri hərb meydanında ayırd etməyə çağırışlar olunurdu. Lakin Moskva və Ankara təxribata getmədilər, məsələnin kökünü araşdırdılar, günahkarlar tapıldı və ciddi fəsadlar vəd edən insident aradan qaldırıldı.
Buna görə də Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar. İndi emosional çağırışlar, impulsiv davranış deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır”.