Qalmaqallı Qubadlı məktəbindən reportaj…

  • By admin
  • 10 İyun 2016 16:53

Gubadli-xanlig-1-st-school-2-768x417 

Direktor və əri Qubadlı icra hakimiyyətinə çağrılıb 

 

Gununsesi.info-nun Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məcburi köçkün məktəbində baş verən qalmaqala bağlı xəbəri böyük rezonansa səbəb olub. Xatırladaq ki, saytımız dünən sözügedən təhsil ocağında müəllim Akif Səmədovun yuxarı sinif qızlarına əxlaqsız hərəkət etməsi və buna görə, valideyinlər tərəfindən döyülməsi barədə xəbər yayıb.

Artıq qalmaqalla bağlı Binəqədi rayonu 6-cı polis bölməsində araşdırma aparıldığı bildirilir. Məsələyə Təshil Nazirliyi və Qubadlı Rayon icra hakimiyyətləri də qarışıb.

Bu gün əməkdaşımız  iyunun 9-da baş vermiş qalmaqalla bağlı adıçəkilən məktəbə yollanıb.

Şagirdlər dərsdə olduğundan məktəbdə səsizlik idi. Məktəbə daxil olub, özümüzü təqdim edib, direktoru soruşduq. Qapıda bizi qarşılayan adını deməyə çəkinən müəllimə bildirdi ki, direktor Akifə Səmədova və həyat yoldaşı Akif müəllim bu gün səhər Qubadlı Rayon İcra Hakimiyyətinə çağırılıblar. Hazırda məktəbdə yoxdurlar. Direktor müavini mətbuatdan gəldiyimizi biləndə əvvəlcə adını demək istəməsə də, daha sonra dialoqa razılıq verdi. Bəlli oldu ki, Bahar Müstafayeva məktəbin direktor müavinidir. Hadisənin necə baş verdiyini soruşanda direktor müavini söylədi ki, olay bir neçə gün bundan əvvəl baş verib: “8-ci sinif şagirdi olan (adını çəkmək istəmədiyi) qız uşağına Akif müəllim bir sillə vurub. Bu da dərs zamanı baş verib. Qızın valideyinləri səbirsizlik göstərərək məsələni qlobalaşdırıblar. Amma burada elə ciddi bir narahatlıq yoxdur. Şagirdin valideynləri məktəbə gəlib öz etirazlarını bildirdilər. Bu gün səhər saatlarında isə məktəbin direktoru Akifə Səmədova və qalmaqalda adı hallanan Akif Səmədov sözügedən insidentlə bağlı rayon icra hakimiyyətinə çağrılıblar”. Akif Səmədovun şagirdi döyməsini isə B.Mustafayeva belə izzah etdi: “Hadisə dərs zamanı baş verib və qiymətləndirmə üstündə olub”-, deyə direktor müavini bildirdi.

Qapıda növbətçi dayanan şagirdlərdən birinə yaxınlaşıb ondan məktəbdə baş verən xoşagəlməz hadisənin necə baş verdiyini soruşdum. Məktəbin 6-ci sinifində təhsil aldığını deyən şagird, adını söyləməsə də, münasibət bildirməkdən çəkinmədi: “Bizim sinifdə baş verməyib, ona görə də məsələni dəqiq bilmirəm. Amma bu gün məktəbə niyəsə yoxlama gəlmişdi. Eşitmişik ki, Akif müəllim qızlara nəsə eləyib”.

Məktəbin həyətində övladını gözləyən valideyinlərdən birinə yaxınlaşıb bir neçə gün bundan əvvəl məktəbdə baş verən hadisədən xəbərdar olub, olmadıqlarını soruşduq. Kimliyini deməyən valideyin hadisədən xəbərdar olduqlarını söylədi: “Güya müəllim qiymətləndirmə zamanı həmin şagird qızın qiymətini aşağı salıb deyə, qız da Akif müəllimlə dilləşib, ona cavab qaytarıb. Müəllim də şagirdə sillə vurub. Hadisədən xəbər tutan qızın valideyinləri məktəbə gəlmişdilər. Burada Akif müəllimlə qırğına çıxmışdılar. Şagird qızlara qarşı əxlaqsızlığın baş verməsindən xəbərim yoxdur. Soruşanda ki, bir şilləyə görə valideyn belə həngamə çıxartmaz. Hamı susdu. Vallah, hərə bir şey danışır”.

Baş verən olaya Qubadlı rayon təhsil şöbəsi aydınlıq gətirib.  Rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva “Ölkə.az”a bunları deyib: “Məsələdən məlumatlıyam. Həmin şəxs saxlanılmayıb. Orada yazılır ki, Akif Səmədov hazırda xəstəxanadadır. Belə bir şey yoxdur. Qətiyyən belə bir şey yoxdur. Sadəcə, müəllim uşağa acıqlanıb, valideyn də bundan qəzəblənib və gəlib bu narazılıqları törədib”.

A.Allahverdiyeva direktor müavininin şagirdlərə qarşı əxlaqsız hərəkət etdiyini də inkar edib və nə qədər gülməli səslənsə də, bunu tədris ilinin bitməsiylə əlaqələndirib: “Elə şey olmaz axı. Məktəb iki gün sonra bağlanır. Belə şey ola bilər? Onda elə xarakter olsaydı, biz bilərdik”.

Əməkdaşımızın “hadisə nə vaxt olub” sualına isə təhsil şöbəsinin müdiri belə cavab verib: “Mən elə bilirəm ki, dünən axşam olub. Mənə dünən axşam məlumat verilib. Elə yəqin ki, hadisə də həmin gün olub. Dəqiq deyə bilmirəm. Mən yoldaşımın səhhəti ilə əlaqədar məzuniyyətdəyəm, ciddi problem var. Ona görə işə birinci gün çıxacağam. Mənə deyiləni sizə deyirəm, özümün məlumatım yoxdur”- deyə A.Allahverdiyeva cavab verib.

Redaksiyamızla əlaqə saxlayan Hökumə Həşimova adlı vətəndaş isə Akif Səmədovu yaxından tanıdığını onun belə bir hərəkətə yol verməsinə inanmadığını deyib: “O, ailə yaxşı bir ailədir. Kimlərsə, belə bir uydurma məlumatı sizin sayta ötürüb. Orada ancaq uşağa əsəbləşməsi halından başqa bir şey olmayıb”.

 

Mail Ağaxanov