Qayınatasını öldürən kürəkənin məhkəmə prosesi başladı

  • By admin
  • 06 Avqust 2019 14:29

Quba rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən Mehman Balayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gununsesi.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 20-nə təyin edilib.

İttihama görə, ötən il dekabrın 8-də Quba rayonun 2-ci Nügədi kənd sakini Heybət Heybətovun bədənin bir neçə nahiyəsinin daxilə nüfuz edən kəsilmiş deşilmiş yaraları xəsarəti ilə Quba rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunsa da, dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini Mehman Balayev saxlanılıb.

O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, Heybət Heybətova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Məlum olub ki, Mehman Balayev mərhumun kürəkənidir.

Hadisə günü Mehman Balayev küsüb atası evinə gedən həyat yoldaşının yanına – uşaqlarını görməyə gedib. 39 yaşlı Mehman Balayev qaynatası, 57 yaşlı Heybət Heybətovla mübahisə edib və ona qol, çiyin və qarın nahiyəsindən 5 bıçaq endirib.

Mehman Balayevin həyat yoldaşı hadisədən 4 ay əvvəl atası evinə gedib. İki azyaşlı uşağını görməyə gələn kürəkənin qaynata ilə sözü çəp gəlib və onu bıçaqla ağır yaralayıb. Heybət Heybətov xəstəxanada vəfat edib.

İstintaq orqanı tərəfindən Mehman Balayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

 Gununsesi.org