Qış gəldi, “Azəriqaz”lı “ dövran” gəldi - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 08 Yanvar 2018 14:48

Xarici səfərlərimizdə başqa ölkələrin təmsilçiləri və ya jurnalist həmkarlarla təmaslardakı söhbətlərimiz zamanı bir çox hallarda kommunal xidmət sahəsindəki vəziyyət  ətrafında fikir mübadiləsi aparılır. Sözün düzü, belə söhbətlərdə qarşı tərəfin fikirlərini dinlədikdən sonra Azərbaycandakı kommunal vəziyyəti göz önünə alıb, nəticədə pis vəziyyətə düşməmək üçün ən azından söhbətdən yayınmaq istəyirsən. Mən Avropa ölkələrini demirəm, bizə qonşu olan Rusiya, Qazaxıstan, Ukrayna və Gürcüstanda kommunal sahədəki vəziyyət Azərbaycanla müqayisə olunmaz dərəcədə fərqlidir.

Bir anlıq düşünürsən ki, Azərbaycanın bu ölkələrə çatması üçün ən azından 50-100 il lazımdır. Qazaxıstan, Rusiya və digər qonşu ölkələrdə  evlərin mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılması, evlərin nəinki soyuq su, isti su ilə daim təmin olunması biz azərbaycanlılar üçün hələ də əlçatmaz bir xəyal olaraq qalmaqdadır. Bir misal çəkim. Qazaxstan və Rusiyanın iri şəhərlərində havanın nə qədər şaxtalı və qarlı olmasından asılı olmayaraq mənzillər mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılmaqla yanaşı, isti su ilə də daim təmin olunur. Lakin bunu biz Azərbaycana şamil edə bilmərik. İndi nəinki gənc nəsil, artıq yaşlı nəsil belə, nə zamansa Bakının mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edildiyini yaddan çıxarıb. Gənc nəsil mənzillərin mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılmasını isə bir nağıl kimi qəbul edir.

Bakıda mərkəzləşdirilmiş istilik sistemi olmadığından hamı fərdi qaydada istilik sistemindən faydalanır. Kimisi elektrik, kimisi isə qazdan istifadə etməklə evinin qızdırılmasına çalışır. Vətəndaş öz hesabına  evinin istilik sistemini təmin etməsinə baxmayaraq, qazın və elektrik enerjisinin verilişində ciddi problemlər yaşanmaqdadır. Payız, qış və yazın ilk aylarında əhalinin qazla təminatında ciddi problemlər yaşanır. Artıq xalq arasında belə bir deyim formalaşıb: “Qış gəldi “Azərqaz”lı “dövran” gəldi”.

Xaqlın bu deyiminə səbəb isə bu sahəyə cavadeh olan “Azəriqaz”  İstehsalat Birliyinin üzərinə düşən işin öhdəsindən gəlməməsi ilə bağlıdır. “Azəriqaz” vaxtında köhnə xətləri dəyişmədiyindən və qışa hazır olmadığından, qışda yüksək təzyiq verilən kimi qaz kəmərlərində ciddi problemlər yaşanmağa başlayır. Belə ki, tez-tez qaz xəttlərində qazsızmalar, partlayışlar olur. Düzdür, bir çox hallarda bu partlayışlar ciddi fasadlar yaratmasa da, bəzən bunun acı nəticələri də olur. Necə ki, 2017-ci ildə Sənqaçal qəsəbəsi yaxınlığında qaz kəmərinin partlaması nəticəsində ciddi problem yaşandı.

Burada digər bir məqam isə ondan ibarətdir ki, qaz xəttləri yararsız olduğundan bu, ciddi qaz itkisinə gətirib çıxarır. “Azəriqaz” da nəticədə bu itkini ört-basdır etmək üçün istehlakçının qazını kəsməklə, onu soyuqda donmağa vadar edir. Soyuqda donmaq bir yana, evlərdə qəza hallarına şərait yaradır. Çünki qaz kəsilən zaman çoxlarının xəbəri olmadığından qaz verilişi bərpa ediləndə qəzalar yaranır. Bundan başqa, qaz sayğacları xarab olur. Hələ mən qazın tərkib keyfiyyətini demirəm.  Qazın tərkib və ona vurulan kondensantlar standarta uyğun olmadığından ciddi problemlər yaranır. Hələ qazın əvəzinə qaz  xəttlərinə vurulan havanı da bura əlavə etsək, o zaman mənzərə tam aydın olar. O baxımdan da “Azəriqaz”ın  bu yarıtmaz fəaliyyəti nəticəsində ildə onlarla insan qaz zəhərlənməsindən, qaz partlayışından,  qaz sızmasından dünyasını dəyişir. Yüzlərlə istehlakıçının  qaz sayğacları  xarab olmaqla, vətəndaş ziyana düşür.

“Azəriqaz”ın bu becəriksizliyi haqqında hamı  xəbərdar olub, bu qurumun yarıtmaz fəaliyyətinin “qurbanı” olsa da,  çoxları susur. Bax, təəccüblüsü də budur. Yaranmış problemlə bağlı “Azəriqaz”a müraciət edəndə müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışırlar.

Təsəvvür edin, yanvarın 7-si saat 17 radələrindən etibarən Abşeron rayonu ərazisində Saray qaz kəmərində bəlli olmayan səbəbdən hər birində 50-60 min yaşayan bir neçə yaşayış məntəqəsində qaz verilişi dayandırılıb. “Azəriqaz” rəhbərliyi isə  guya adıçəkilən xəttdə qaz sızması olduğundan hazırda təmir işləri getdiyini və bir sutka ərzində problemin aradan qalxacağını bildiriblər. Və bu müddət ərzində insanlar soyuqdan əziyyət çəkmlədir. Deyək ki, sağlam insanları anladıq. Bəs evdə körpəsi, xəstəsi olan neyləsin?!  Axı, hamıda ayrıca elektrik enerjisi ilə işləyən qızıdırcı və ya elektrik peçləri yoxdur. Bu, insanlar  evlərini necə qızdırsın, yaxud da  yeməyini necə  bişirsin?!

İndi qaz verilişi bərpa olunduqdan sonra  neçə-neçə istehlakçının qaz sayğacında problemlər yaşanacağını demirəm. Bax, “Azəriqaz”ın Yeni ilin ilk günlərində Abşeron sakinlərinə “hədiyyəsi” bundan ibarət olacaq.

Hələ mən onu demirəm ki, “Azəriqaz” bu gün quraşdırdığı smart sayğaclar hesabına Azərbaycan vətəndaşına satdığı qazın pulun əvvəlcədən alır. Hesab edirəm ki, bu qurumun istehlakçıya satdığı qazdan əldə etdiyi gəlirdən də problemi olmamalıdır.

Son olaraq, görəsən, “Azəriqaz”a “dur” deyən və ya bu qurumun fəaliyyətində ciddi dönüş yaratmaq üçün ciddi tədbirlər görən tapılacaqmı?! Axı, “Azəriqaz” bu fəaliyyəti ilə ölkə başçısının sosial siyasətini sabotaj etmiş olur. Bu yarıtmaz fəaliyyəti ilə onun yürütdüyü siyasətə kölgə salır.

Mürtəza Bünyadlı

Gununsesi.info