Qiymətli kağızlar “qiymətsizləşirmi”?

  • By admin
  • 24 Avqust 2016 16:53

qiymetli kaqizlar

 

Maliyyə Nazirliyi yüksək faizlərdən imtina etdi, Mərkəzi Bankın depozit hərraclarında isə tələb tam ödənilmədi

Dünən Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün olan 10 milyon manat və tədavül müddəti 364 gün olan 10 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Bundan bir gün öncə isə Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 30 milyon manat olub.

Qiymətli kağızlar üzrə ekspert Cəfər İbrahimli Gununsesi.info-ya şərhində  Maliyyə Nazirliyinin və Mərkəzi Bankın borclanmasında yenə maraqlı nəticələrə toxundu.

Belə ki, Mərkəzi Bank tərəfindən son hərracda cəlb olunan 30 günlük depozitin gəlirliliyi-9.49%;

Maliyyə nazırliyi tərəfindən cəlb olunan 182 günlük istiqrazların gəlirliliyi- 9.25%;

Maliyyə nazırliyi tərəfindən cəlb olunan 364 günlük istiqrazların gəlirliliyi- 9.52% olub.

“Müddətlər fəqli olsa da gəlirlilik bərabərləşib, amma heç bir alət üzrə nəzərdə tutulan həcmdə yerləşdirmə olmayıb”-deyə, ekspert vurğulayır.

Hərraclarda dövlətin qiymətli kağızlarına qarşı tələb necədir?

C.İbrahimli bildirir ki, Mərkəzi Bank uçot dərəcələrini artırandan sonra vəsaitlərin cəlb edilməsi üzrə keçirilən depozit hərracına qarşı maraq bir qədər də artmışdı: “Amma bazar ertəsi keçirilən depozit hərraclarında 30 milyon manatlıq tələbə qarşı daha az yerləşdirmə oldu. Maliyyə Nazirliyinin istiqrazlarının tədavül müddəti isə 182 və 364 günlükdür. Hesab edirəm ki, müddət uzandıqca risklər yüksəlir. Belə olan halda maliyyə alətlərinin gəlirlilik faizi daha yuxarı olmalıdır. Çünki risklər əlavə gəlir tələb edir. Maraqlıdır ki, Maliyyə Nazirliyinin qiymətli kağızlarına emissiyanın üzərində tələb gəlmişdi, amma nazirlik həmin tələbi qarşılamadı. Özü də 9.25 və 9.52 faizlə. Əvvəllər Maliyyə Nazirliyi manata güvəni bərpa etmək üçün faiz dərəcələrini yüksəltməkdə maraqlı idi. Son dönəmlərdə isə bu belə deyil. Düşünürlər ki, faizlər istənilən səviyyədə də yuxarı ola bilməz”.

C.İbrahimliyə görə, 30, 182 və 364 günlük maliyyə alətlərinin gəlirliliyi bərabərləşib: “Əslində, Maliyyə Nazirliyinin kağızlarına qarşı tələb cox idi. Sadəcə olaraq, daha yüksək gəlirlilik tələb olunduğu üçün onu qarşılamadı. Beləliklə, daha az vəsait götürməklə daha aşağı faiz verdi”.

Maliyyə Nazirliyi tələbi tam qarşılamaqda maraqlı olmamasının səbəbi vəsaitə ehtiyacının tükənməsidirmi?

Ekspert deyir ki, büdcə ilə bağlı yaranmış problemlər Maliyyə Nazirliyini ehtiyatlı davranmağa sövq edir. İbrahimli onu da qeyd edib ki, bu dəfəki hərraclarda gələn sifarişlər ötən aylara nisbətən aşağı olub: “Bunun səbəblərindən biri, çox güman ki, dollara olan tələbatla bağlıdır. Əldə olan vəsaitlərin bir hissəsi dollar hərraclarına yönəldi. Bazarda manatın likvidikliyi azaldığı üçün manat bazalı maliyyə alətlərinə o qədər də maraqlı olmadılar”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info