Qobustan həbsxanasında işgəncə iddiaları - TALEH BAĞIRZADƏ İTTİHAM, PENİTENSİAR XİDMƏT İSƏ TƏKZİB EDİR

  • By admin
  • 29 Yanvar 2019 23:30

Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qobustan Qapalı Həbsxanasında saxlanılan nardaran məhbuslarına işgəncə verilməsi barədə iddialar gündəmə gəlib.

Gununsesi.org-un xəbərinə görə, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov  ailə üzvləriylə telefonla danışarkən rəis Aftandil Ağayevi ittiham edib. O, bildirib ki, onunla birgə həbs olunan  Cabbar Cabbarovu rəis şəxsən döyüb.

«Qobustan həbsxanasında insanlıq faciəsi yaşanır» deyən ilahiyyatçı orada baş verənlərin yerli və beynəlxalq ictimaiyyət tərəfindən diqqətdə saxlanmasını xahiş edib.

Penitensiar Xidmət isə Qobustan həbsxanasıyla bağlı şikayətləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, zaman keçdikcə, bu həbsxanada vəziyyət yaxşılığa doğru dəyişib. Orada saxlanma rejiminin digər müəssisələrdən fərqləndiyini deyən M.Sadıqov bildirib ki, o qaydalar qanunvericiliklə tənzimlənir: «Qanunun tələblərinə də həm həbsxananın əməkdaşları əməl etməlidir, həm də məhkumlar. Orada heç kimin heç kimlə işi yoxdur, sadəcə, qayda-qanuna əməl etmək tələb olunur. Onlar qanuna uyğun şəkildə telefonla danışır, yaxınlarıyla, vəkilləri ilə də görüşürlər. Heç kimə də işgəncə verilmir. Sadəcə, özlərinə imtiyaz yaratmaq istəyənlər olanda biz imkan vermirik».

Gununsesi.org