Quba və Ağcabədi rayonlarının 3 kəndinə ilk dəfə təbii qaz verildi

  • By admin
  • 18 Avqust 2016 16:51

qazzzz

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, avqustun 18-də Quba və Ağcabədi rayonlarının daha 3 kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, Quba rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 269 abonenti olan Püstəqasım kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 36279 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağcabədi rayonunun Qaradolaq və Mehrablı kəndlərinə də ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə vurğulanıb ki, ümumilikdə 869 abonenti olan həmin kəndlərin qazlaşdırılması zamanı 56673 metr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Gununsesi.info