Qüdrət Həsənquliyev onu ittiham edənlərə belə cavab verdi - MƏMURDAN O ZAMAN DÜZ İŞLƏMƏYİ TƏLƏB ETMƏK OLAR Kİ...

  • By admin
  • 07 May 2018 09:30

Millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisin iclasında “deputatların maaşı 8 min manat olmalıdır” deyə bəyanatı sosial mediada onun tənqidlərinə səbəb olub.

Gununsesi.info-ya açıqlamasında millət vəkili bəzi şəxslərin mahiyyətinə varmayaraq, fikirlərinin yarımçıq formada ictimai müzakirəyə çıxardığını deyib: “Əslində burada çatdırmaq istədiyim o olub ki, ölkədə düzgün əməkhaqqı siyasəti yürüdülməlidir. Nə qədər ki, dövlət adamları, məmurlar, qanunverici hakimiyyətin, məhkəmə hakimiyyətinin üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları aldıqları maaşla ləyaqətli həyat sürə bilməyəcəklər, ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Ona görə ki, həmin o məmur, yaxud nəzarətedici şəxs hansısa digər məmurun dövlət əmlakını mənimsəməsinə, rüşvət almasına göz yumacaq. Bununla da çalışacaq ki, digər məmur qanunsuz əldə etdiyi gəlirlərdən ona da versin və o da normal həyatını qura bilsin. Mən çıxışımda Sinqapuru nümunə göstərdim ki, o vaxt Sinqapur möcüzəsinin banisi Li Kuan bu ölkədə islahatlara başlayanda ilk növbədə məmurların illik maaşını 2,2 milyon dollardan başladı. Bu da Sinqapur dollarından ABŞ dollarına çevirəndə təqribən 160-180 min dollarlıq aylıq maaş demək idi. O dövrdə ona bu haqda sual verəndə demişdi ki, əgər biz məmurlara ildə 2 milyon maaş verməsək, əvəzində ayda 10 milyon, bəlkə daha çox oğurlayacaqlar. Belə olduğu halda o pulları sadə vətəndaşlardan oğurlayacaqlar, yaxud rüşvət alacaqlar. İkincisi də korrupsiya iqtisadiyyatı inkişaf etdirməyə imkan verməyəcək. İqtisadiyyat inkişaf etmədiyi təqdirdə də sadə insanların maaşı, təqaüdləri qalxmayacaq. Ona görə mən çıxışımda da dedim ki, bəzi şəxslər deputatların maaşının artmasından narahat olacaqlar, amma xalqa izah etmək lazımdır ki, Sinqapurda nazirin maaşı 100 min ABŞ dolları olandan sonra orta aylıq əmək haqqı da qalxdı, oldu 58 min dollar. Ona görə də hesab edirəm ki, bu gün nazir 10 min dollar alsa, Azərbaycanda orta maaş alan adam 5 min manat alacaq”.

Qüdrət Həsənqulyev hesab edir ki, Azərbaycanda məmura normal əməkhaqqı verib sonra düz işləməsini  tələb etmək lazımdır. Yoxsa, məmura çox aşağı məbləğdə maaş verib ondan düz işləməyi tələb etmək heç bir effekt verməyəcək. Ola bilsin ki, gözdən pərdə asmaq üçün bir-iki nəfəri məsuliyyətə də cəlb etmək olar, yaxud korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparıldığı görüntüsünü yaratmaq olar. Amma kütləvi şəkildə məmurlar, dövlət adamları aldıqları maaşla dolana bilmirləsə, onlar əlavə gəlir mənbələri haqda düşünəcəklər. Azərbaycanda hamı başa düşür ki, indiki maaşla yaşamaq çox çətindir”.

Gununsesi.info