Quduz itlər öldürülsün– Deputatdan təklif

Quduz itlər öldürülsün

Bakının mərkəzində sahibsiz itlərin sayı son vaxtlar xeyli artıb. İtlərin insanlara hücumlarının sayı da çoxalıb. Ən təhlükəlisi də bu itlərin bəzilərinin quduz olmasıdır.

Qurumların açıqladığı məlumata görə, hazırda paytaxtın ərazisində 500 mindən çox sahibsiz it var və onların sayı artmaqdadır. Şəhərin sahibsiz heyvanlardan təmizlənməsi üçün dövlət qurumları ciddi tədbirlər görməlidirlər.

Gununsesi.org xəbər verir ki, millət vəkili Araz Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, sahibsiz itlər tutulmalı və axtalanmalıdır:

“Onların quduzluğu varsa, öldürülməlidir. İtlərin öldürülməməsi ilə bağlı qadağa dəyişdirilməlidir. Əgər bu qərar dəyişdirilmirsə, pul ayrılmalı və onların axtalanması tam təmin edilməlidir”.

Qeyd edək ki, aprelin 16-da Sulutəpədə 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun üzünü it parçalayıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda uşağın müalicəsi davam etdirilir.

Səhiyyə Nazirliyi itlərlə bağlı əhaliyə xəbərdarlıq edib. Məlumatda deyilir ki, respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019-cu ilin ilk üç ayı ərzində beş minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnə bilər.

COMMENTS