Quskanın işində yenilik - Sənədlərin tədqiqinə başlandı

  • By admin
  • 21 May 2019 17:16
Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva və digərlərinin məhkəməsi davam edib. 
Gununsesi.org-un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənov bildirib ki, cinayət işindəki bütün şahid və zərərçəkmişlərin ifadə verib.
Prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
Dövlət Sərhəd Xidmətinin sabiq əməkdaşları, iş üzrə təqsirləndirilən H.İbrahimov, Z.Quliyev və P.Kazımovun ötən proses barələrindəki qətimkan tədbiri dəyişdirilərək azadlığa çıxıblar
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq),  213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə),  342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə),  339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham verilib.