Rəsulzadəyə  məktub - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 30 Yanvar 2019 00:01

Salam Məhəmməd Əmin kişi.

Bu sənə sayca ikinci, ya üçüncü məktubumdur. Açığı sayı itirmişəm. Eynən başımı itirdiyim kimi. Soruşa bilərsən ki, başın niyə  itib? Bu bir sualın yüz  cavabı var, böyük İnsan. Amma böyük ideyalar adamına mənim xırda problemlərin əlində aciz qalmağım gülünc görünər deyə yazmıram. Ümumiyyətlə axır vaxtlar heç nə yazmıram.    Bəlkə sənə də bu məktubu heç yazmayacaqdım.  Amma görəndə ki, barelyefin sosial şəbəkələrdə gündəmə çevrilib, dözə bilmədim. Dedim bir məktub yazıb səni işdən hali edim. Qələm əhlinin işi bu zatən.

Yəqin ucundan- qulağından bilirsən. Novxanıdakı ata evinin divarından  barelyefin günlərin bir günü yoxa çıxdı. O barelyef ki, 1990-cı illərin əvvəllərində sənin böyük ruhuna kiçik diqqət kimi bu evin divarına vurulmuşdu. Kİm vurmuşdu deyə bilmərəm, bəlkə də icra, bəlkə də MİS- yəni mənzil istismar sahəsi.  Amma əminəm ki, bələdiyyə deyildi, çünki o illərdə Azərbaycanda hələ bələdiyyə formalaşmamışdı. Lövhə mis idi,  niyyət isə pis ola bilməzdi, sağ olsunlar, ruhunu sevindirmək istəmişdilər.İndi  135 yaşına 15 gün qalmış bu mis lövhəni oğurladılar.  Araşdıranda məlum oldu ki,  oğrular onu hissələrə ayıraraq aparıb  Bakının Binəqədi rayonunda və Sumqayıtda metal qəbulu məntəqəsinə veriblər. Yəqin ki,  humanist ruhun bu xəbəri eşidən kimi  onları bağışlayacaq. Çünki divardan  barelyef sökənin bunu  kefindən deyil,  ehtiyac üzündən etdiyini gözəl bilirsən. Onu da yaxşı bilirsən ki, “ehtiyac qul edər qəhrəmanı da”.

İndi bu dırnaqarası qəhrəmanlar da bir qarın çörəyin quluna çevrilib sənin müqəddəs ruhuna əl uzadıblar. Hərçənd o iki əli Allah onlara  “get oğurluq elə” deyə verməyib, verib ki, gedib namusla, şərəflə çörək pulu qazansın.  Namusla,şərəflə çörək pulu qazanmaq isə  bu gün elə ac- yalavac qalmaq kimi bir şeydir. Ona görə də  namuslu, şərəfli  olmaq artıq çoxlarının hədəfi deyil.  O cümlədən misdən pul çıxaran pislərin də. Amma onlardan daha pisi də varmış bu işin içində sən demə. Onlar səni-Şərqdə ilk müstəqil dövlət quran kişini heç tanımırmışlar. Onlar Novxanı bələdiyyəsində oturub ən yaxşı halda torpaq satmaq işinə yiyələniblər. Hərçənd kitab oxumaq vərdişinə  yiyələnsəydilər ən azından quraşdırdıqları yeni barelyefdə elementar səhvlərə yol verməzdilər. Soruşa bilərsən ki, nə  yazmışdılar ? Desəm ki, adını , yəqin  içdən təəssüflənərsən. Desəm partiyanın adını , dəhşətə gələrsən.   Desəm ki, hətta  qurduğun dövlətin adını da , bunu bizə bağışlamazsan. Amma inan ki, Novxanı bələdiyyəsinin savaddan kasadları bir mis barelyefdə biri birindən pis üç  səhvə yol vermişdilər.  Hər halda , sosial təpkilər onları məcbur etdi ki, barelyefi yenidən təzələsinlər. Bu dəfə də qaş düzəldən yerdə vurub gözü çıxartdılar. Allah gözlərini çıxartmasın, yazıqdılar. Həm də  çox-çox YAZIQ!  İndi də işin ən asanını düşündülər. Nə partiyanı yazdılar, nə qurduğun dövlətin adını. Sadəcə lövhəyə ” Məhəmməd Əmin Rəsulzadə bu evdə anadan olmuşdur”  yazıb asdılar divara.

Sosial şəbəkədə bir nəfər yaxşıca məzələnmişdi onlarla. Yazmışdı ki, bura bəyəm roddom zaddı? Bəli, cənab Rəsulzadə, bizim  hər işimiz  belədir. Gah dodağımızı qaçırır, gah  dodağımızı dişləməyə məcbur edir.  Yəqin yenə də incimirsən biz nadanlardan. Büstünün başına torba keçirəndə incidin ki guya? Öz aramızada qalsın, o torbaya haqq qazandıran deputat keçən dəfə Cümhuriyyətin 100 illik tədbirində ünlü-ünlü qonaqlarla selfi çəkdirib paylaşırdı. Mən də dostluğumda onunla ortaq  şəkli paylaşan xanıma etirazımı bildirdim. Dedim  Rəsulzadəyə hədyan deyən adamın 100 illikdən şəkil çəkdirib paylaşmağa  mənəvi haqqı çatmır. Xanım Fransada-sizin cümhuriyyəti tanıtmaq üçün dəridən qabıqdan çıxdığınız ölkədə yaşayır. Dərhal şəkli sildi, üstəgəl  məndən üzr də istədi. Hərçənd onun tək suçu bir naqislə çəkdirdiyi şəkli paylaşmaqdan ibarət idi.  Bəs sənin suçun nədən ibarətdir, deyə bilərsənmi? Niyə  mis adamların, Mendeleyevin təbirincə desək, “29-cu element”lərin gözünə pis görünürsən?

Cavabını eşitmək necə xoş olardı..

Ləman Ələşrəfqızı, xüsusi olaraq Gununsesi.org üçün